“Əmiqızı ilə əmioğlunun nikahı göydə kəsilib” bəlası - NTV-nin sorğusu - VİDEO

A- A A+

Erkən nikah və qohum evlilikləri gələcək nəsillərin sağlamlığını və həyatını təhlükə altına atır, boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Əfsuslar olsun ki, bu cür nikahlarla bağlı mütəmadi maarifləndirmə işləri aparılsa da, hələ də belə faktlara rast gəlinir. Naxçıvan televiziyasının əməkdaşları cəmiyyətin bu cür arzuolunmaz hallara münasibətini öyrənmək məqsədilə sorğu keçiriblər.

Sorğularda yüzlərlə sakinin qınağa tutduğu fikirləri bildirənlər də, “əmiqızı ilə əmioğlunun nikahı göydə kəsilib” deyiminə inanıb ailə genofondumuzu zədələyənlər də elə biz özümüzük.  

Sorğu əsasında bu nəticəyə gəlmək olar ki, birmənalı olaraq hər kəs bu cür nikahların əleyhinədir. Amma digər tərəfdən, hələ də bu faktlara rast gəlinir. Erkən nikah və qohum evliliklərindən törəyən hüquqi, psixoloji və fizioloji problemlər, bir çox xəstəliklər gözardı edilir.

Mütəxəssislər bildirirlər ki, qüsurlu uşaqların dünyaya gəlməsi ehtimalına görə qohum evlilikləri yad insanların evliliyindən 2 dəfə daha çox risk faktoru daşıyır.

Nikah və onunla əlaqəli məsələləri Azərbaycan Respublikasının Ailə Məcəlləsi tənzimləyir. Qanunda göstərilib ki, azyaşlını nikaha daxil olmağa məcbur edənlər birbaşa cinayət məsuliyyətinə cəlb olunurlar.

Bu cür nikahların qarşısını almaq üçün mütəmadi olaraq aidiyyəti qurumların əməkdaşları tərəfindən maarifləndirici tədbirlər keçirilir.

Sağlam təməllər üzərində qurulan hər bir ailə dövlətin və millətin sərvətidir. Bu sərvətin isə artırılması və qorunub saxlanılması yolunda cəmiyyətin hər bir üzvü aktiv şəkildə iştirak etməlidir. Erkən nikah və qohum evlilikləri etməklə gələcək nəsillərin sağlamlığını və həyatını təhlükə altına atmayaq.

 

Mədinə Rəhimli

Şəfa Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: