Naxçıvan şəhərinin İslam mədəniyyəti paytaxtı statusu daşıdığı 2018-ci il ölkəmiz və muxtar respublikamız üçün əlamətdar hadisələrlə yadda qalacaq.
Respublikamızda “İslam Həmrəyliyi İli” elan edilən 2017-ci il geridə qalsa da, müstəqil dövlətimiz Naxçıvanın timsalında həmin missiyanı uğurla davam etdirərək, həmrəyliyin formalaşmasında mühüm rol oynayan İslam mədəniyyətinin qlobal arenada təmsilçisi və təbliğatçısı kimi çıxış edəcək. Sürətlə inkişaf edən, qədimliyi və müasirliyi ilə diqqətləri cəlb edən, bir sıra məsələlərdə nümunəviliyi ilə seçilən Naxçıvan İslam dünyasında yüz illərdir formalaşmış birgə mədəniyyətin qarşılıqlı etimad və anlaşma mühitində yaşadılmasının əhəmiyyətini bir daha dünyaya bəyan edəcək, İslam ölkələri arasında həmrəylik meyllərinin gücləndirilməsində, ksenofobiyaya, separatizmə qarşı birgə mübarizədə İslam mədəniyyətinin misilsiz rolu vurğulanacaq. Bununla həm də sülhün, təhlükəsizliyin carçısı rolunda çıxış edən Naxçıvan mədəniyyətlər və dinlərarası dialoqun inkişafında ümumbəşəri dəyərlərin təbliği və gələcək nəsillərə ötürülməsində İslam mədəniyyətinin önəmini diqqətə çatdıracaq. Heç şübhəsiz, multikulturalizmin, tolerantlığın, dini həmrəyliyin, sabitliyin və inkişafın Naxçıvan nümunəsi 52 İslam ölkəsindən muxtar respublikamıza gələcək nümayəndələrin də diqqətini cəlb edəcək. Ötən il dekabrın 6-da “İslam Həmrəyliyi İli” çərçivəsində Naxçıvanda “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda keçirilən konfransda dahi şəxsiyyətin bu sahədə göstərdiyi misilsiz xidmətlər barədə ətraflı söhbət açılmaqla bərabər, həm də yuxarıda qeyd etdiyimiz məqamlar vurğulanıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov konfrans iştirakçılarını salamlayıb, təşkilatçılara təşəkkürünü bildirərək deyib: “Dini dözümlülük və həmrəylik, milli-mənəvi dəyərlərə qayıdış yaşadığımız dövrün əsas məsələlərindəndir. Zaman keçdikcə daha aydın görünür ki, mənəvi dəyərləri bərpa etmədən, dini həmrəylik yaratmadan sabitliyə nail olmaq mümkün deyil. Əgər mənəvi dəyərlər bir xalqı birləşdirirsə, dini dəyərlər ölkələri və xalqları birləşdirir. Xalqımızın ümummilli lideri Heydər Əliyev bununla bağlı deyirdi: “İnsanların mənəvi sərvətlərinin hamısından dinin fərqi ondadır ki, o, dini mənsubiyyətindən asılı olmayaraq həmişə insanları dostluğa, həmrəyliyə, birliyə dəvət etmişdir”.
Konfransda iştirak edən nüfuzlu elm və din xadimləri çıxışlarında Naxçıvanın bugünkü heyrətamiz inkişafı barədə söz açıblar. Onlar vurğulayıblar ki, ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında dini-mənəvi dəyərlərin qorunması sahəsində ardıcıl işlər görülür, dini maarifçilik ümumi maarifçiliyin tərkib hissəsi kimi inkişaf etdirilir. Bu mənada, Naxçıvanda dini həmrəyliklə bağlı konfransın keçirilməsi mühüm əhəmiyyətə malikdir.
Qeyd edək ki, qədim diyar Dünya tufanından sonra bütün dinlərin və xalqların həyatının başlandığı böyük sivilizasiya mərkəzidir. Nuh Peyğəmbərin Naxçıvandakı türbəsi həmrəyliyə, birliyə, sülhə, ümumilikdə isə insanlığın xoşbəxt gələcəyinə ucaldılmış tolerantlıq abidəsidir. Dağılmış, sıradan çıxmış, yox olmuş bu abidəni bərpa edənlər, yenidən ucaldanlar təkcə Azərbaycana deyil, ümumilikdə, bəşər tarixinə böyük töhfə veriblər. Naxçıvan həmrəyliyin Şərq və Qərb modellərinin sintezinin ifadə olunduğu bir məkandır. Bütün bunlar bu il Naxçıvanın İslam mədəniyyətinin paytaxtı missiyasını uğurla yerinə yetirəcəyinə və gələcəkdə təşəbbüs olarsa, Avropa mədəniyyətinin paytaxtı kimi də bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə əminlik yaradır.
Muxtar respublikada əldə edilən bütün bu uğurlara ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının sədaqətlə, vətənpərvərliklə davam etdirilməsinin nəticəsində nail olunub. Məhz Heydər Əliyev siyasi xəttinə dərin sədaqətin nəticəsində kompleks inkişafın əsası qoyulub, muxtar respublika dahi rəhbərin arzuladığı inkişafa qovuşub, onun etibarlı müdafiə sistemi yaradılıb, ərzaq və enerji təhlükəsizliyi təmin edilib. Ümummilli Liderimizin Vətənə sədaqət nümunəsi olan şərəfli həyatında ölkəmizə, həmçinin doğulub boya-başa çatdığı Naxçıvana bağlılığı, Azərbaycanın bu qədim diyarına tükənməz məhəbbəti və ardıcıl qayğısı nəsillərə nümunə olub. Bütün Azərbaycan xalqı kimi, qədirbilən naxçıvanlılar da əvəzolunmaz liderin ölkəmiz naminə gördüyü bu işləri heç vaxt unutmur, dahi şəxsiyyətin siyasi məktəbinin layiqli məzunları onun əziz xatirəsini daim yad edir, Heydər Əliyev irsinin təbliğinə xüsusi diqqət yetirirlər. Hər il olduğu kimi, ötən il dekabrın 12-də də Naxçıvan şəhərində Ulu Öndərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoyub, xalqımızın böyük oğlunun xatirəsinə ehtiramını bildirib.
Bu gün muxtar respublikamızda Vətənimizin azadlığı və ərazi bütövlüyünün qorunması zamanı sağlamlığını itirənlərə, şəhid ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir. Müharibə əlilləri, şəhid ailələri mənzillə təmin olunur, onlara minik avtomobilləri verilir, müalicələri diqqətdə saxlanılır. Bu çərçivədə muxtar respublikada müvafiq kateqoriyadan olan sağlamlıq imkanları məhdud 456 şəxsə minik avtomobili verilib, 211 müharibə əlili və şəhid ailəsi mənzil və fərdi yaşayış evləri ilə təmin olunub. Həyata keçirilən məqsədyönlü tədbirlərin davamı olaraq ötən il dekabrın 1-də sağlamlıq imkanları məhdud üç Azərbaycan Vətən Müharibəsi iştirakçısına və hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış bir nəfərə “NAZ Lifan-320” markalı minik avtomobilləri təqdim olunub.
Naxçıvanda aparılan quruculuq işləri, bütün sahələr üzrə yaradılan müasir infrastruktur dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə olunacaq səviyyədədir. Hər il muxtar respublikamızın kəndlərində müasir infrastruktur yaradılır, yeni sosial obyektlər inşa olunur, yollar çəkilir, əhalinin rahat yaşayışı təmin edilir.
Dekabrın 2-də Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində yeni kənd və xidmət mərkəzlərinin, kənd yolunun açılışı olub. Ali Məclisin Sədri açılış tədbirlərində iştirak edib.
Bu gün Qaraxanbəyli kəndi də müasir və abad yaşayış məntəqəsinə çevrilib. Kənddə müasir yol infrastrukturunun yaradılması, kənd mərkəzinin tikilməsi, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, bələdiyyənin, feldşer-mama məntəqəsinin və digər qurumların səmərəli fəaliyyətlərinin təmin olunması 3500-dən çox sakinin rahat yaşayışına xidmət edir.
Göründüyü kimi, muxtar respublikamızda insanların rahat yaşayışı və məskunlaşması dövlətimizin həyata keçirdiyi sosial siyasətin əsas istiqamətlərindəndir. Reallıq budur ki, bu gün Naxçıvanda inkişaf kənddən şəhərə doğru aparılır. Kəndlərdə geniş quruculuq işləri görülür, sakinlərin rifahının yüksəldilməsinə xüsusi diqqət yetirilir. Bütün bunlar isə ölkəmizin inkişafının, vətəndaşlara göstərilən qayğının daha bir ifadəsidir.
Aparılan quruculuq işləri Babək rayonunun Gərməçataq kəndini də əhatə edib. Dekabrın 8-də Ali Məclis Sədrinin iştirakı ilə Gərməçataqda yeni məktəb binası, kənd və xidmət mərkəzləri istifadəyə verilib.
Tədrisin yüksək səviyyədə təşkili üçün kənddəki yeni məktəb binası müasir avadanlıqlarla təchiz edilib. İstifadəyə verilən kənd mərkəzində təşkilatların əhaliyə lazımi səviyyədə xidmət göstərmələri üçün hər cür şərait yaradılıb. Yeni istifadəyə verilən xidmət mərkəzi sakinlərin zəruri ehtiyaclarını ödəyəcək. Kəndin yolu da yenidən qurulub. Dağ və sərhəd kəndinin fasiləsiz elektrik enerjisi, təbii qaz, müasir rabitə xidməti və sürətli internetlə təmin edilməsi burada məskunlaşmanı da artırıb. Yaradılmış şəraitin nəticəsidir ki, vaxtilə yaşayış məntəqəsini tərk etmiş 4 ailə artıq geri qayıdaraq Gərməçataqda məskunlaşıb. Bir sözlə, bu gün müasir Gərməçataq düşmənə gözdağıdır. Bütün bu firavanlıq, abadlıq və sabitlik isə kənd sakinlərinin torpağa, yurd yerinə bağlılığını daha da artırır.
Düşmənlə üz-üzə olan həmin yaşayış məntəqəsində bu gün həyat öz axarı ilə davam edir. Çünki Əlahiddə Ümumqoşun Ordu ərazidə əlverişli hücum mövqeyi seçib və burada möhkəm müdafiə potensialı yaradılıb. Postlar müasir silah və texnika ilə təmin olunub, yeni səngər və əlaqə yolları çəkilərək əlverişsiz hava şəraitinə uyğunlaşdırılıb. Dağ və sərhəd yaşayış məntəqəsində hərbi xidməti nümunəvi təşkil etmək üçün hər cür şərait yaradılıb. Müasir yaşayış və xidmət şəraiti əsgər və zabitlərin döyüş ruhunu daha da artırır.
Dekabrın 8-də Ali Məclisin Sədri Babək rayonunun Gərməçataq kəndindəki hərbi hissənin əhatə etdiyi postda da olub, əsgər və zabitlərlə görüşüb, sərhədlərimizi etibarlı müdafiə etdiklərinə görə şəxsi heyətə təşəkkür edib, xidmətdə fərqlənənlərə hədiyyələr verib.
Həmin gün Ali Məclisin Sədri Gərməçataq kəndində yerləşən dayaq məntəqəsində olub, şəxsi heyətlə görüşüb.
Əsgərləri salamlayan Ali Məclisin Sədri deyib: “Bu ərazidə yerləşən yaşayış məntəqələrində insanların rahat yaşayışının təmin olunması şəxsi heyətin xidmətinin təşkilindən asılıdır. Çünki ölkənin sərhədlərinin etibarlı qorunması vətəndaşların rahat yaşayışına və quruculuq işlərinin aparılmasına xidmət edir. Gərməçataq kəndində aparılan geniş quruculuq işləri və yaradılan müasir kənd infrastrukturu ona görə mümkün olmuşdur ki, Azərbaycan əsgəri öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir, torpaqlarımız etibarlı müdafiə olunur”.
Ali Məclisin Sədri əsgərlərin məişət şəraiti ilə maraqlanıb, müdafiə mövqeyinin möhkəmləndirilməsi və xidməti döyüş fəaliyyətinin təşkili barədə müvafiq tapşırıqlar verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci il fevralın 7-də “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Buna uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə təsdiq etdiyi Tədbirlər Planına əsasən, dekabrın 14-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında böyük alimin 110 illik yubileyi qeyd olunub.
Ali Məclisin Sədri yubiley tədbirindəki çıxışında deyib: “Akademik Həsən Əliyev ölkəmizdə torpaqşünaslıq və tətbiqi ekologiya elmlərinin əsasını qoymuş, onun rəhbərliyi ilə Azərbaycanın qiymətli sərvəti olan torpaq fondu ilk dəfə pasportlaşdırılmışdır. Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun yaranması və inkişafında, çoxsaylı milli elmi kadrların yetişməsində də akademik Həsən Əliyevin misilsiz xidmətləri olmuşdur. Təbii ehtiyatların tədqiqi, təbiətdən istifadənin elmi cəhətdən əsaslandırılması və mühafizəsinin təşkili böyük alimin elmi və ictimai fəaliyyətinin əsaslarını təşkil edirdi. Onun elmi fəaliyyəti nə qədər çoxsahəlidirsə, bir o qədər bütöv və tamdır. Buna görədir ki, coğrafiyaçılar onu coğrafiyaşünas, ümumi əkinçilik və torpaq nəzəriyyəsi ilə məşğul olanlar torpaqşünas, ətraf mühit mütəxəssisləri isə ekoloq adlandırırdılar. Bir sözlə, akademik Həsən Əliyevin apardığı elmi tədqiqatlar nümunə gücündə olmuş, ümumdünya miqyasında mühüm elmi nailiyyətlər kimi təsdiq və qəbul edilmişdir”.
Azərbaycanın Naxçıvan Muxtar Respublikası xarici ölkələrlə əlaqələrini daim inkişaf etdirir. Ötən il dekabrın 15-də Ali Məclisin Sədri Yunanıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellos ilə görüşüb. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Yunanıstan arasında təhsil və ticarət sahələrində əlaqələrin mövcud olduğunu bildirən Ali Məclisin Sədri səfərin əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Tarixi köklərə malik olan Azərbaycan-İran əlaqələrinin inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi əsasını qoyduğu səmərəli əməkdaşlıq əlaqələri dahi şəxsiyyətin Azərbaycanda ali hakimiyyətə ikinci qayıdışından sonra dövlətlərarası münasibətlər səviyyəsinə yüksəldilib. Bu gün iki qonşu ölkənin əlaqələrinin inkişafına Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında əlaqələrin dərinləşməsi də öz töhfəsini verir. Son illər energetika, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət, turizm və idman sahələrində əməkdaşlıq imkanları genişlənib. Qarşılıqlı rəsmi səfərlər isə əlaqələrimizin davamlı olması üçün möhkəm təməl yaradıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 17-də İran İslam Respublikasına rəsmi səfər edib.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif, İran İslam Respublikası İslami Şura Məclisinin sədri Əli Laricani, İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Salman Xodadadi, dekabrın 18-də isə İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri, hökumətlərarası komissiyanın həmsədri Məsud Kərbasian ilə görüşüb. Görüşlərdə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, qarşılıqlı fikir mübadiləsi aparılıb, Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ilə İran və onun yaxın vilayətləri arasında imzalanan sənədlər və əldə olunan razılıqlar münasibətlərimizin daha da genişləndirilməsi istiqamətində atılan addım kimi dəyərləndirilib.
Bu gün Azərbaycan-Türkiyə əlaqələri inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu çərçivədə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında da çoxşaxəli faydalı əməkdaşlıq əlaqələri qurulub. Təhsil, səhiyyə, mədəniyyət, ticarət və iqtisadi sahələrdəki əlaqələrin inkişafı məmnunluq doğurur. Naxçıvanın xarici ticarət dövriyyəsində Türkiyə Respublikasının payı 2017-ci ilin 11 ayında əvvəlki ilə nisbətən 2 milyon ABŞ dolları artaraq 7 milyon 685 min ABŞ dolları təşkil edib. Qardaş Türkiyə hökumətinin qəbul etdiyi yeni tənzimləmə qərarına görə ötən ildən Naxçıvan Muxtar Respublikasındakı istehsal müəssisələrinə Türkiyəyə məhsul ixracında sərbəst ticarət imkanı verilib. Bu qərar iqtisadi-ticarət əlaqələrimizin daha da gücləndirilməsinə yönəlmiş mühüm addım kimi yüksək dəyərə malikdir. Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın dekabrın 20-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlməsi də əlaqələrin artan xətt üzrə inkişaf etdiyini göstərir.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun və Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın görüşü olub.
Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında Naxçıvan Muxtar Respublikasının mühüm yeri olduğunu bildirən Ali Məclisin Sədri diqqətə çatdırıb ki, təhsil, səhiyyə, mədəniyyət, ticarət, iqtisadiyyat və ordu quruculuğu sahələrində əlaqələrin inkişafı məmnunluq doğurur.
Söhbət zamanı İqdır və Naxçıvanın hava limanları arasında əməkdaşlığın inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparılıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr olub.
İlin son ayı olan dekabrda, adətən, həm də il ərzində görülən işlər, əldə edilən nəticələr dəyərləndirilir. Müqayisə aparıldıqda bir daha aydın olur ki, 2017-ci ilin nəticələri bundan əvvəlki dövrlərin göstəricilərindən xeyli artıb. Dekabrın 30-da keçirilən beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında da qeyd olunduğu kimi, muxtar respublikamızda daxili imkanlardan səmərəli istifadə hesabına yeni istehsal müəssisələrinin işə salınması iqtisadiyyatın çoxsahəli inkişafına, məşğulluq səviyyəsinin yüksəldilməsinə, yeni sosial layihələrin həyata keçirilməsinə imkan yaradıb. Bütün bunlar inkişafın əsas göstəricisi olan ümumi daxili məhsulda öz əksini tapıb. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin ötən dövründə ümumi daxili məhsulun həcmi 1,6 faiz artaraq 2 milyard 357 milyon manatdan çox olub. Onun bir nəfərə düşən həcmi 5 min 228 manat təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricidən 3,7 faiz çoxdur. Ümumi daxili məhsul istehsalının 57 faizdən çoxu real sektorun payına düşüb ki, bu da davamlı və tarazlı inkişafın əsas göstəricisidir. Bu inkişaf bir sıra sahələrdə özünü aydın şəkildə göstərir. Bu gün iqtisadi inkişafdan əldə edilən gəlirlərin, ilk növbədə, insan kapitalının formalaşdırılmasına yönəldilməsi isə gələcək illərə hesablanmış strateji xəttin uğurla həyata keçirilməsindən xəbər verir.
Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasındakı məruzəsində Ali Məclisin Sədri Vasif Talıbov deyib: “Əvvəlki dövrlərdə olduğu kimi, başa çatmaqda olan 2017-ci ildə də muxtar respublikanın sosial-iqtisadi həyatında inkişaf təmin olunmuş, sosial infrastruktur və əhalinin həyat səviyyəsi daha da yaxşılaşdırılmışdır. Tərəqqi və inkişafın davamlı xarakter alması ümummilli lider Heydər Əliyevin siyasi xəttinə sadiqliyin və ölkə Prezidentinin blokada şəraitində yaşayan muxtar respublikaya göstərdiyi diqqət və qayğının nəticəsidir... Ölkə rəhbəri cənab İlham Əliyevin də dediyi kimi, “Bizim siyasətimizin məqsədi ölkəmizi gücləndirməkdir, müstəqilliyimizi möhkəmləndirməkdir və dayanıqlı inkişafa nail olmaqdır. Məqsəd ondan ibarətdir ki, vətəndaşımız daha da yaxşı yaşasın”.
Bəli, qədim Naxçıvan 2018-ci ili böyük uğurlarla qarşılayıb. Tarixi bir missiyanı üzərinə götürəcəyi ilin astanasında olduğu dekabrın 31-də axşam saatlarından başlayaraq Naxçıvan şəhərinin Heydər Əliyev prospektindəki mərkəzi meydanda bayram şənliyi təşkil olunub, Vətənimizi, həmrəyliyimizi, Yeni ili tərənnüm edən mahnılar səslənib, sakinlərə və şəhərimizin qonaqlarına iaşə xidməti göstərilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə bayram şənliyində iştirak edib.
Yeni ilin ilk dəqiqələrində Naxçıvan şəhərinin mərkəzi meydanında möhtəşəm bayram atəşfəşanlığı olub. Atəşfəşanlıq Vətən sevgisinin misilsiz nümunəsini göstərən naxçıvanlıların həm də 2017-ci ili uğurla yola saldıqlarını və 2018-ci ildə yeni-yeni nailiyyətlər qazanmaq əzmində olduqlarını ifadə edirdi. Çünki doğma yurdumuz artıq bir inkişaf salnaməsi yazıb. Strateji əhəmiyyətə malik olan Naxçıvanın 30 ilə yaxın bir dövrdə blokadada olmasına baxmayaraq, sosial-iqtisadi, mədəni inkişafı onu regional cazibə mərkəzinə çevirib. Bu gün muxtar respublika beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi məkan kimi şan-şöhrət qazanıb. Əminik ki, bu il Naxçıvan İslam mədəniyyətinin paytaxtı kimi daha böyük missiyanı da uğurla həyata keçirəcək.
Rauf Kəngərli