Naxçıvanda Gənclər Günü qeyd edilib - FOTOLAR
Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2 Fevral – Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.
Naxçıvan şəhərindəki Gənclik mərkəzində keçirilən tədbirdə əlamətdar günə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə çıxış edənlər gəncləri bayram münasibətilə təbrik edib, gənclər sahəsində görülən tədbirlərdən danışıblar. Bildirilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafı üçün fundamental əsas yaradıb. Ulu öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.
Qeyd edilib ki, ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, təhsili, sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər görülür, gənclər təşkilatlarının formalaşması və inkişafı təmin edilir.
Vurğulanıb ki, muxtar respublika gəncləri də ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak edir, bütün istiqamətlər üzrə gənclərin xidmətləri yüksək qiymətləndirilir.
Tədbirdə muxtar respublikanın ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət sahələrində fərqlənən gənclər, həmçinin yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsində fəal iştirak edən Vətən müharibəsi qaziləri mükafatlandırılıb.
Bayram tədbiri konsert proqramı ilə başa çatıb.
Hafizə Əliyeva