Jurnalistin Hüseyn Cavid xəyalı

A- A A+
  • İblis nədir?
  • Cümlə-xəyanətlərə bais...
  • Ya hər kəsə xain olan insan nədir?
  • İblis!

Bu misralardan tanıyıram mən onu. Oxuduğum “İblis” adlı mənzum dramdan. Yalnız qələminin mürəkkəb izini yox, eyni zamanda mənəvi aləmini də.

Hamımızın sevdiyi, pərəstiş etdiyi bir aktyor, müğənni, yaxud da şair var. Fərqi yoxdur hansı sahənin adamıdır, elə ilk tanışlıqdan verərik ona qiyməti. Qulağımızda əks səda edən səs ruhumuzu oxşayırsa, həmin müğənninin digər ifalarını da dinləyəcəyik. Eynilə də şair və yazıçıların qələminin cizgilərindən qərar verərik, bu imzadan olan növbəti əsəri, ya da şeiri oxuyacağıqmı, ya yox. Misralar, cümlələr oxuyucunun qəlbinə toxuna bilibsə, o, bütün kitablarda həmin imzanı axtaracaq. Yeri gəlsə ələk-fələk edəcək tozlu rəfləri, təki o müəllifdən növbəti dəfə nə isə oxusun deyə.

Bu fikirləri jurnalist olduğum üçün müşahidəyə əsaslanaraq deyil, daima keyfiyyətli ədəbiyyat nümunələrinin axtarışında olan bir oxucu kimi özümdən misal gətirərək yazıram.  Məsələn, mən müəllifi qələmindən çıxan və  oxuduğum ilk kitabı ilə tanıyaram. İlk təəssürat çox önəmlidir deyirlər. Elədir. Bəyənmişəmsə, axtarıb-araşdırıb o qələmin yazdığı nə varsa oxumaq istəyərəm. Daha sonrasında müəllifin neçə kitabını oxuyuramsa oxuyum, həmişə o ilk əsərlə yanaşı çəkərəm adını.

Abbas Səhhət, Abdulla Şaiq, Mirzə Ələkbər Sabir... Uşaqlığımızın şairləridir.  Dilimizin əzbəri olan “Cücələr”, “Quşlar”, “Bənövşə”, “Keçi”, “Qərənfil”, “Uşaq və buz” kimi şeirlərdən tanıyırıq onları. "Bəxtsiz cavan"dan Əbdürrəhim bəy Haqverdiyevi, “Müsibəti-Fəxrəddin”dən Nəcəf bəy Vəzirovu, “Ölülər”, “Anamın kitabı”ndan Cəlil Məmmədquluzadəni tanıdığımız kimi. Eynilə də “İblis”, “Şeyx Sənan”, “Ana” deyəndə ağlımıza Azərbaycan ədəbiyyatında şeirlə yazılmış ilk dram əsərinin müəllifi olan Hüseyn Cavidin gəlməsi kimi...

Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı,

 Nə xəlq, nə Xaliq, nə əski-həsrət olaydı.

 Nə dərd olaydı, nə dərman, nə şur olaydı, nə matəm,

 Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı...

Cavid misralarıdır bu. Dərin kədərin, həsrətin, ayrılığın, torpaq eşqinin qoxusu duyulan…

Mən çox yazardım ondan. Amma onda Cavid yox, mənim qələmimin bəhrəsi olacaqdı sözlər. Ona görə də, Hüseyn Cavidin özünü, yəni əsərlərini oxumaq lazımdır.

“Əsl məqsəd vətənə xidmət, həm də layiqincə xidmət etməkdir"-Cavid şüarıdır bu. Həyatı bahasına başa gələn yaradıcılıq, fəaliyyət istiqaməti…

Yaradıcılıq fəslində dünyaya göz açan coşqun arzulu, həssas, taleyinə qürbət iztirabları yazılan şair, doğum günün mübarək! Oxucularının  sayının  ildən-ilə artması diləyilə. Həyatını kağız-qələmə həsr etmiş biri üçün bundan gözəl diləkmi olar ?

 

Fatma Babayeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: