Anadolu qəzetlərində Naxçıvanla bağlı yazılar yer alıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Türkiyənin Anadolu hissəsində nəşr olunan tanınmış qəzetlər və internet saytları öz səhifələrində Naxçıvanla bağlı yazılar verib. Bu günlərdə Anadolu Jurnalistlər Birliyinin üzvlərinin Naxçıvana səfərindən sonra muxtar respublikanı gəzən jurnalistlər öz təəssüratlarını türkiyəli oxucularla bölüşüblər.
Türkiyə Jurnalistlər İttifaqının sədr müavini və Anadolu Jurnalistlər Birliyinin sədri yazıçı-jurnalist Firudin Fazil Özsoy Ərzurumda nəşr edilən “Pusula” qəzetində “Qardaş köməyi və Naxçıvan” başlıqlı məqalə yazıb. Yazıda Naxçıvanın inkişafı və gözəlliyi, bu yenilikdə muxtar respublika rəhbərliyinin zəhməti vurğulanıb. O da qeyd edilib ki, Türkiyə ilə Azərbaycan arasında tarixi əlaqələr həmişə olub. Çətin günlərdə hər iki tərəfin insanları bir-birinə yardım əli uzadıb. 1918-ci ildə Ərzurumda ermənilərin türklərə qarşı törətdiyi qətliamların qarşısını almaq üçün Azərbaycandan gələn Seyidov soyadlı igid bir türk övladı da olub.
Ərzurumun ermənilərdən müdafiəsində yerli sakinlərlə yanaşı o da qəhrəmanlıqla döyüşüb. Müəllif Naxçıvan təəssüratları ilə bağlı yazıları bundan sonra da davamlı olaraq oxucuları ilə bölüşəcəyini qeyd edir. Bundan başqa. Ərzurumda çıxan “Albayraq”, Qarsda nəşr olunan “Hakimiyyət” , İğdırda çap edilən “İğdır” qəzetlərində Anadolu jurnalistlərinin Naxçıvanı ziyarət etməsi ilə bağlı yazılar yer alıb.