Repressiyanın öldürə bilmədiyi şəxsiyyət

A- A A+

Bəli 1930-cu illərin qanlı repressiyasının qurbanı olsa da bu siyasi gediş onu   öldürmədi, sadəcə cismini bizdən vaxtsız apardı.

Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı, Nə xəlq, nə Xaliq, nə əski-həsrət olaydı. Nə dərd olaydı, nə dərman, nə şur olaydı, nə matəm, Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı...

Bəs nə olaydı? Cavid nə istəyirdi?  Yalnız ədalət!

Cavidin söykəndiyi həqiqətində arxasında vətənini azad, firavan, müstəqil görmək var idi. Cavid əfəndi bu yolda qələmini qılınc edib, qanlı Sovet rejiminə, tariximizi məhv etməyə çalışanlara qarşı vuruşdu. Nəticədə gec də olsa, o zamanın böyük imperiyalarından olan Sovetlər  Birliyi dağıldı. Uydurduqları saxta tarixlər məhv oldu, yaddaşlardan silindi. Amma Hüseyn Cavid zirvəsi hər zaman bizimlə qaldı və qalacaq.

Ümummilli lider Heydər Əliyev unudulmaz ədibin yaradıcılığını yüksək qiymətləndirərək demişdir. "Hüseyn Cavidi Şərqin Şekspiri adlandırırlar. Ancaq onu bəlkə də Höte ilə müqayisə etmək düzgün olardı. Əsərlərindəki fəlsəfi fikirlərinə görə, ola bilsin, Cavid Şekspirdən də yüksək səviyyəyə qalxmış adamdır. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaqdır, yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir".

Öz siyasəti ilə tariximizi, milli  düşüncəmizi  məhv etməyə çalışan Sovet rejiminin 1930-cu illərindəki ədəbiyyat səhifələrini vərəqləyəndə Cavidin ünvanına tuşlanmış həcv dolu şeirlər də qarşımıza çıxır. İnana bilmirsən ki, bu dahiyə, filosofa və şairə kimsə "Sənin yazdıqların özündən qabaq öldü" deyə bilmək cəsarətinə sahib olub. Bu da zamanın istehzasıdır. O sözləri  Hüseyn Cavidə deyənlər çoxdan ölsə də, Cavid öz əsərləri ilə əbədiyyətə qədər yaşayacaqdır. Çünki onu bir ədib, yaradıcı insan kimi sevənlər onu yaşatmağı da bacardılar.   

Şairin qızı Turan xanım xatirələrində belə yazırdı. “Atama əsl bəraəti 1981-ci il iyul ayında “Hüseyn Cavidin 100 illiyi haqqında” qərardan sonra hesab edirəm. Bu, ədalətin zəfər çalması idi. Bunun üçün mən, birinci növbədə, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə minnətdaram”

Bu gün Şərqin qapısı sayılan Naxçıvanda bir məqbərə var - Cavidlər məqbərəsi! Tarixi abidələrlə zəngin olan bu diyara gələn qonaqlar əvvəlcə bu məqbərəni ziyarət edirlər. Çünki burda dünya durduqca ölməyən Söz xəzinəsi yatır, qırmızı  imperiyanın  bir-birindən ayrı saldığı istedadlı insanların əbədi qovuşub uyuduğu ziyarətgahdır. 

Bəli, bu gün Cavid və onunla uyuyanlar  elə bir zirvədədir ki, onlara nə söz yetər, nə də əl çatar. Bu zirvə ölməzlik zirvəsidir. 

Ədibin 130 illik yubiley tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Hüseyn Cavid nə yazmışsa, Azərbaycan üçün, Azərbaycan oxucusu üçün, Azərbaycan xalqı üçün yazmışdır. Millilik, vətənçilik, Azərbaycançılıq onun yaradıcılığının ruhunda və qanındadır. Cavidin şeir dili təmiz Azərbaycan – türk dilidir. Hüseyn Cavid əsərlərinin mövzusunun və qəhrəmanının hansı dövrü və ya hansı mühiti təmsil etməsindən asılı olmayaraq, bu əsərlərdə irəli sürülən ideyalar, birinci növbədə, azərbaycanlı oxucunun özünü dərk etməsinə, Vətən tarixini, onun milli dəyərlərini öyrənməsinə, mədəni irsə sahib çıxmasına yönəlmişdi”.

   

P.S. Cavidin axtardığı həqiqətin bir mənası vardı: milləti azad, xoşbəxt və birlikdə görmək! Bu gün şairin arzularının gerçəkləşdiyi, poeziyamızın doğulduğu gündür. Doğum günün mübarək, böyük ustad!

Mətin Abbaslı

Naxçıvan Televiziyasının əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: