Azərbaycan ərazisində seysmik aktivlik qeyri-bərabər paylanıb

A- A A+

Oktyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Azərbaycan Seysmoloqlar Assosiasiyası İctimai Birliyinin “Bakı şəhəri Xətai rayonunun seysmik riskinin qiymətləndirilməsi və baş verə biləcək zəlzələlərin ətraf mühitə təsiri imkanlarının araşdırılması” layihəsi çərçivəsində aparılmış tədqiqatların nəticələrinə dair tədbir keçirilib. Toplantı Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutub.

NUHÇIXAN xəbər verir ki, tədbirdə çıxış edən mərkəzin seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Tahir Məmmədli əvvəlcə ölkə ərazisindəki seysmik vəziyyət barədə məlumat verib. O, respublika ərazisində seysmik aktivliyin qeyri-bərabər paylandığını deyib. Şöbə müdiri ölkəmizdə güclü zəlzələlərin daha çox Şamaxıda, Gəncədə, Xəzər dənizində, İranla sərhəd bölgələrdə, Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhəd ərazilərində baş verdiyini diqqətə çatdırıb: “Abşeron yarımadasında güclü zəlzələlər baş vermir. Çünki buna səbəb olan geoloji şərait mövcud deyil. Respublikada zəif və orta güclü yeraltı təkanlar Böyük Qafqaz bölgəsində, Gürcüstanla sərhəd ərazilərdə, Abşeron yarımadasından şimal və cənubda, Xəzər dənizinin Azərbaycana aid hissəsinin ortalarında qeydə alınır”.

Mütəxəssis ölkə ərazisində zəlzələlərin baş verməsinin səbəbinin iri dərinlik qırılmaları ilə əlaqədar olduğunu vurğulayıb.

Sonra T.Məmmədli yeni məlumatlar əsasında Xətai rayonunda seysmik riskin qiymətləndirilməsi layihəsi çərçivəsində aparılan araşdırmalar və nəticələr haqqında məlumat verib: “Xətai rayonu ərazisində olan köhnə beşmərtəbəli binaların yerləşdiyi ərazidə zəlzələ riski yüksəkdir. Rayonda seysmik riskin səviyyəsi bir sıra amillərlə bağlıdır. Ərazinin ehtimal olunan seysmik risk təhlükəsi 8 balla qiymətləndirilir. Bununla yanaşı, burada tikilən böyük mülki və sənaye obyektləri seysmik təhlükənin səviyyəsinə cavab vermir. Ən əsası isə əhalinin sıx yaşadığı və inzibati binaların çox cəmləşdiyi sahələrdə əlverişsiz qrunt şəraiti seysmik təhlükənin səviyyəsini 9 bala qədər yüksəldir”.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: