Avstriya alimləri insan orqanizmində mikroplastik zərrəciklər olduğunu sübut ediblər

A- A A+

Müasir həyatımızı plastik maddədən hazırlanmış məmulatlarsız təsəvvür etmək mümkün deyil. Gündəlik olaraq istifadə etdiyimiz su butılkalarından tutmuş diş fırçasına qədər bir çox əşyalar plastik maddələrdən istehsal olunur.

NUHÇIXAN xəbər verir ki, ilk dəfə avstriyalı alimlər yüksək dərəcədə plastik materiallardan istifadənin insan orqanizmində izlər qoyduğunu sübuta yetiriblər. Vyana Tibb Universiteti və Federal Ekologiya İdarəsinin tədqiqatçıları altı ölkə üzrə apardıqları analizlər nəticəsində bütün şəxslərin orqanizmində mikroplastik hissəciklərə rast gəliblər.

Vyana Qastroenterologiya Konqresində təqdim edilən nəticələrdə hələlik cəmi 8 nəfər üzərində test aparıldığı və pilot layihənin yaxın gələcəkdə sayca və sosial tərkibcə fərqli qruplara tətbiq ediləcəyi bildirilib. Alimlər fərqli ölkələrdən olan 8 nəfərin hamısının orqanizmində ölçüsü 5 mm-dən az olan mikroplastik hissəciklərə rast gəlinməsini olduqca həyəcanverici bir siqnal olduğunu vurğulayıblar. Hər gün plastik qablarda təqdim olunmuş yeməklərlə qidalanan və gün ərzində azı 750 qr plastik butılkadan su içən şəxslərin orqanizmində müxtəlif plastik maddələr (əsasən polipropilen və polietilentereftalat) aşkarlanıb.

Alimlər hesab edirlər ki, dünya dəniz və okeanlarının plastik tullantılarla çirkləndirilməsi dəniz heyvanları vasitəsilə plastik maddələrin gündəlik qida rasionumuza daxil olmasına şərait yaradır.

Ötən əsrin 50-ci illərindən etibarən dünyada plastik məhsulların istehsalı artmağa başlayıb. 1950-ci ildə dünyada plastik məhsul istehsalı iki milyon ton olduğu halda, hazırda bu rəqəm 400 milyon tona çatıb. Buna görə də alimlər gündəlik həyatda plastik məhsullardan istifadəni azaltmağa, qida məhsullarını bioloji cəhətdən emal edilə bilən qablaşdırmalarda satmağa və pulsuz plastik torbaları satış şəbəkələrindən ləğv etməyə çağırıblar.

Alimlər növbəti araşdırmalarda, həmçinin mikroplastikanın insan orqanizmi üçün hansı fəsad və xəstəliklərə yol açmasını diqqət mərkəzində saxlayacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: