Azərbaycan dünyanın zəngin təbii sərvətlərinə malik olan ölkələrindən biridir. Ancaq etiraf etməliyik ki, xalqımız bu sərvətdən yalnız XX əsrin sonralarında - müstəqillik qazandıqdan sonra tam bəhrələnmək imkanı əldə edib.
Bu imkanı reallığa çevirən isə ulu öndər Heydər Əliyev dühasının məhsulu olan yeni neft strategiyamız və həmin strategiyanın reallaşdırılması üçün hazırlanmış neft diplomatiyasıdır. Neft strategiyası ölkəmizin təbii sərvətlərindən xalqımızın bəhrələnməsinə xidmət etdisə, neft diplomatiyası Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının birgə işlənilməsi üçün dünyanın Qafqazda marağı olan bütün mərkəzlərinin iqtisadi mənafelərinin ödənilməsinə şərait yaratdı. Bu isə Azərbaycan Respublikasının beynəlxalq aləmdəki tərəfdaşlarının, dostlarının sayının daha da artması demək idi.
1993-cü ildə ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı respublikamızın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoymaqla yanaşı, neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara faktiki olaraq yenidən başlanmasını reallaşdırdı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi. Dahi şəxsiyyətin işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılmasında Onun ən böyük silahdaşı məhz o zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan cənab İlham Əliyev idi. Həmin dövrdə Vaşinqton, Nyu-York, Hyuston, Dallas, İstanbul və digər şəhərlərdə iri neft şirkətlərinin rəhbərləri ilə səmərəli görüşlər keçirən və danışıqlar aparan cənab İlham Əliyev xalqımızın milli maraqlarını tam təmin edən müqavilə şərtlərinin əldə edilməsi üçün gərgin əmək sərf etmişdir.
Seçilən düzgün yol, aparılan gərgin iş öz bəhrəsini verdi. 1994-cü ilin 20 sentyabrında Bakı şəhərinin “Gülüstan” sarayında XX əsrin ən böyük iqtisadi layihələrindən olan, tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adı ilə bütün dünyada məşhurlaşan saziş imzalandı. Bakıda dünyanın 8 ölkəsini təmsil edən yüksək nüfuza malik, neft hasilatı üzrə ixtisaslaşmış 13 iri neft şirkəti arasında “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənilməsini nəzərdə tutan bu irimiqyaslı beynəlxalq müqavilə müasir Azərbaycanın tarixində və taleyində mühüm rol oynayıb. “Əsrin müqaviləsi” ilə Azərbaycan özünün təbii sərvətlərinə sahib çıxmaq haqqını bütün dünyaya bəyan etdi, milli mənafelərimizi, iqtisadi və strateji maraqlarımızı qorumaq əzmini göstərdi.
Tarixi neft sazişi 1994-cü ilin dekabrında Azərbaycan Respublikasının Milli Məclisində ratifikasiya olunaraq qüvvəyə minmişdir. Bununla da, yeni neft strategiyası və doktrinasının uğurla həyata keçirilməsinə start verilmişdir. Dərin bir inam və uzaqgörənliklə işlənib hazırlanan bu böyük layihə özünü tamamilə doğrultmuş, təkcə iqtisadi nəticələrinə görə deyil, həm siyasi, həm də sosial rifah mülahizələri baxımından əsl təməl rolunu oynamışdır. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Əsrin müqaviləsi” məhz Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasından irəli gəlmiş tarixi hadisədir. Biz sübut etdik ki, Azərbaycan etibarlı tərəfdaşdır. Biz sübut etdik ki, Azərbaycana xarici sərmayənin gəlməsi və istifadə olunması üçün burada bütün imkanlar yaradılıbdır. Biz sübut etdik ki, Azərbaycana gələn hər bir iş adamı, şirkət, vətəndaş burada azad, sərbəst, rahat işləyə və yaşaya bilər. Biz bu müqaviləni imzaladıq və sübut etdik ki, Azərbaycan xalqının milli mənafeləri üçün çalışırıq və ona görə də bu cür nailiyyətləri əldə etməyə qadirik”.
Bu müqavilə sonralar dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanmasına yol açaraq, ilk növbədə Azərbaycan dövlətinin inkişafında və xalqımızın rifahının yüksəlməsində mühüm rol oynadı. “Əsrin müqaviləsi” Azərbaycanın bir dövlət kimi siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına, dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə əlverişli şərait yaratdı. “
Uğurlu enerji strategiyasının həyata keçirilməsi nəticəsində bu gün ölkəmizin bütün şəhər, qəsəbə və kəndlərində inkişaf təmin edilib, yaşayış məntəqələri abadlaşıb. Ötən illər ərzində 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, 50-dən çox olimpiya mərkəzi tikilib istifadəyə verilib. 11 min kilometrdən çox yol çəkilib, enerji infrastrukturumuz möhkəmlənib, iqtisadiyyatımız şaxələnib. Bütün bunlara neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə olunması nəticəsində nail olunub. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək, ölkəmizin böyük potensialı var. Son illər ərzində biz bu potensialı gücləndirmişik və bu potensialın inkişafında “Əsrin kontraktı”nın xüsusi rolu vardır. İndi təsəvvür etmək çətindir ki, əgər 1994-cü ildə “Əsrin kontraktı” imzalanmasaydı, biz hansı vəziyyətlə üzləşə bilərdik. Biz bu gün müstəqil siyasət aparan ölkələrdənik. Bunun təməlində bizim güclü siyasi iradəmiz və iqtisadi müstəqilliyimiz dayanır. Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə “Əsrin kontraktı” yaratdı”.
Hər hansı bir ölkədə istehsal olunan neft, təbii qaz o zaman xalqa və dövlətə səmərə verər ki, bu sərvət dünya bazarına çıxarıla bilsin. Ona görə də ulu öndər Heydər Əliyevin neft strategiyasının əsas istiqamətlərindən biri də Azərbaycan neftinin dünya bazarına nəqli yollarının dəqiq müəyyənləşdirilməsi idi. Xalqımızın və dövlətimizin mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri layihəsi əsas götürüldü və geridə qalan illər sübut etdi ki, bu variant həqiqətən Azərbaycanın maraqlarını tam təmin edir.
Ümummilli liderimizin qətiyyəti sayəsində çox böyük maneələrə baxmayaraq, 2002-ci il sentyabrın 18-də Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin, ABŞ-ın energetika nazirinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin təməli qoyuldu. Təxminən, üç il sonra, 2005-ci ilin mayında kəmərin Azərbaycan ərazisindən keçən hissəsinin istifadəyə verilməsi mərasimi keçirilib və boru xəttinə ilk neft vurulub. Həmin ilin oktyabrında isə kəmərin Gürcüstan hissəsi istifadəyə verilib. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatıb və iyulun 4-də neftlə yüklənmiş ilk tanker buradan yola salınıb.
“Üç dəniz əfsanəsi” adlandırılan və strateji əhəmiyyəti ilə seçilən layihənin əfsanədən gerçəkliyə çevrilməsi ötən qısa zaman kəsiyində Azərbaycana çox böyük siyasi və iqtisadi qazanclar gətirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Hər bir dövlətin müstəqilliyinin dayanıqlı olması onun iqtisadi potensialından da asılıdır. Azərbaycanın tam müstəqil dövlət olması üçün onun iqtisadi inkişafının da əsaslarını hazırlayan ulu öndərimiz qısa müddətdə islahatların aparılmasına nail olmuş, davamlı inkişaf üçün böyük maliyyə imkanları yaradan neft strategiyasını işləyib hazırlamış, Azərbaycan regionda həyata keçirilən qlobal layihələrin təşəbbüsçüsü və fəal iştirakçısı rolunu oynamağa başlamışdır. O zaman nəhəng neft-qaz layihələrinin əfsanədən reallığa çevrilməsi müstəqil Azərbaycanın gələcəyi, Azərbaycan xalqının xoşbəxtliyi uğrunda atılmış addım kimi tarixə düşmüşdür”.
Bu gün böyük enerji ixracatçısına çevrilmiş Azərbaycanda hasil olunan karbohidrogen ehtiyatları neft-qaz boru kəmərləri, terminallar və dəmir yolu vasitəsilə Avropa və dünya bazarlarına çatdırılır. Dünyada gedən iqtisadi proseslərin, nəhəng enerji layihələrinin fəal iştirakçısına və mərkəzinə çevrilmiş Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası ilbəil daha da sürətlənir, ölkəmiz dünyanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir.
Ölkəmizin geosiyasi mövqeyi ilə bağlı tranzit imkanlarının genişləndirilməsi, beynəlxalq neft-qaz kəmərlərinin yeni şəbəkəsinin formalaşmasında fəal iştirakının təmin edilməsi iqtisadiyyatımızın gələcək inkişafı üçün çox mühüm əhəmiyyətə malikdir. Son illərdə öz geosiyasi və iqtisadi əhəmiyyəti ilə seçilən TANAP, TAP kimi iri transmilli layihələrin reallaşdırılmasında Azərbaycanın söz sahibinə çevrilməsi və əhəmiyyətli paya malik olması, “XXI əsrin layihəsi” hesab edilən “Şahdəniz-2” layihəsinin reallaşdırılması da əsası “Əsrin müqaviləsi” ilə qoyulan böyük neft strategiyasının məntiqi davamıdır. Bu layihələr bir tərəfdən Azərbaycanın vacib iqtisadi və enerji tərəfdaşı kimi dünyada mövqelərini möhkəmləndirirsə, digər tərəfdən gələcəkdə qaz ixracı hesabına da böyük gəlirlər əldə edəcəyinə təminat verir.
Bu il sentyabrın 14-də ölkəmizin həyatında daha bir əlamətdar və tarixi gün yaşanıb. Bakı şəhərindəki Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında sazişin imzalanması mərasimi keçirilib. Hasilatın Pay Bölgüsü haqqında düzəliş edilmiş və yenidən işlənmiş sazişə əsasən növbəti 32 il müddətində “Azəri-Çıraq-Günəşli” yataqlarına 40 milyard dollardan artıq sərmayə qoyulacaqdır. Bu sazişin ardınca SOCAR və tərəfdaşları arasında “Azəri-Çıraq-Günəşli” müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirilməsi məqsədilə mühəndis-layihə işlərinin aparılması haqqında razılaşma əldə olunub.
“Əsrin müqaviləsi” Azərbaycana indiyədək olduğu kimi, neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəltmək imkanı verəcək. Bununla da respublikamız bir çox neft hasil edən ölkələrdən fərqli olaraq nefti insan kapitalına çevirə bilən dövlət imicini qoruyub saxlayacaq. Çünki ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “Neft hasilatı hələ o demək deyil ki, ölkələr çiçəklənəcək, orada inkişaf olacaq. Neftlə zəngin olan bir çox ölkələrdə bu gün müşahidə edilən mənzərə bunun əksini deyir. Ona görə, bizim əsas vəzifəmiz ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün”.
“Əsrin müqaviləsi” təkcə iqtisadi sahədə deyil, siyasi-diplomatik sahədə də ölkəmizə çox böyük səmərə verib. Azərbaycan BMT Təhlükəsizlik Şurasına, Avropa Şurasının Nazirlər Komitəsinə və bir sıra mötəbər beynəlxalq təşkilatlara sədrlik edib. Bu gün Azərbaycan “Böyük iyirmilər”in sammitinə dəvət edilir. Azərbaycan kosmik ölkələr ailəsinin üzvüdür. Bakı və Naxçıvan dünyanın mütərəqqi təşkilatlarının tədbirlərinə ev sahibliyi edir. Ölkəmizin həm siyasi, həm də iqtisadi reytinqi gündən-günə artır. Bütün bunların hamısı ölkədə aparılan hərtərəfli islahatların, ən başlıcası isə ulu öndər Heydər Əliyevin neft strategiyasının bizə verdiyi bəhrələrdir.
Rauf Kəngərli