Naxçıvan inkişaf edən bir diyardır. Buranın iqtisadiyyatı ilə tanışlıq zamanı beynəlxalq bank-kredit təşkilatları üçün daha cazibədar olduğunu gördüm.
NUHÇIXAN xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Vençay Janq deyib.
“Mən Azərbaycanın digər yerlərində olsam da, Naxçıvana ilk dəfədir gəlirəm. Səfərim birgünlük olsa da, təəssüratlarım isə kifayət qədərdir. İlk olaraq burada çox qonaqpərvərliklə qarşılanmağım mənim üçün yaddaqalan oldu”, - deyən Vençay Janq vurğulayıb ki, görməli yerlər Azərbaycanın bu qədim diyarı haqda gözlədiyindən artıq təəssürat yaradıb.
AİB-in vitse-prezidenti deyib: Asiya İnkişaf Bankı ilə Azərbaycan Hökuməti arasındakı əməkdaşlığa gəldikdə, 2006-cı ildən biz “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsinə dəstək veririk. Layihənin həyata keçirilməsində Naxçıvan Muxtar Respublikası hökuməti və layihənin icra qrupu arasında çox sıx əməkdaşlıq olub. Nəticədə, bütün işlər nəzərdə tutulmuş vaxtda və ayrılmış büdcə çərçivəsində həyata keçirilib.
“Ümumilikdə, bu layihə bizim üçün çox müsbət bir təcrübə oldu. Onun həyata keçirilməsində biz yerli icra orqanları ilə çox sıx əməkdaşlıq nümunəsi gördük. Onu deyə bilərəm ki, suyun təmizlənməsi üçün ən son texnologiya tətbiq olundu. İnsan sağlamlığı üçün çox qabaqcıl üsulun tətbiqi layihənin digər buna bənzər layihələrdən üstünlüyünü göstərir”, – deyən AİB-in vitse-prezidenti qeyd edib ki, buna görə də AİB olaraq bu layihədən qazandığımız təcrübəni digər yerlərdə də tətbiq etməyə və daha çox insanı ekoloji təmiz su ilə təmin etməyə maraqlıyıq.
Vençay Janq Naxçıvanda ona göstərilən qonaqpərvərliyə və dəstəyə görə bir daha minnətdarlıq edərək deyib: “Mən muxtar respublikada olarkən Azərbaycanda təmiz su ilə bağlı geniş yayılmış bir deyimi də eşitdim. Düşünürəm ki, bir-birinizə “Ömrünüz su kimi uzun olsun” deməklə ən xoş arzularınızı çatdırırsınız. Bu gözəl kəlam mənim də çox xoşuma gəldi və onu Naxçıvanda keçirilən tədbirdə iştirakçılara Azərbaycan dilində deməyə çalışdım. Təmiz suyun burada yaşayan insanların həyatına rifah gətirəcəyinə inanıram”.