Mühəndis-proqramçılar onlayn təlimdə iştirak ediblər - FOTOLAR
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən “Beynəlxalq Təhlükəsiz İnternet Günü” münasibətilə keçirilən onlayn təlimdə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mühəndis-proqramçıları da iştirak edib.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, təlimdə “Sosial mediada dezinformasiyaya qarşı mübarizə”, “Təhlükəsizliyin bilik və davranışların qədər güclüdür”, “Kiberdələduzluq və növləri” mövzularında çıxışlar dinlənilib, məlumatların qorunmasında istifadəçilərin mümkün kiberhücumlardan mühafizə olunmaları barədə ətraflı məlumatlar verilib.
İştirakçıların diqqətinə çatdırılıb ki, kiberdələduzluq vasitəsilə istifadəçiləri aldadıb müxtəlif yollarla eyni, lakin saxta olan hansısa sayta və ya digər resursa yönəltməklə onların fərdi məlumatları oğurlana bilər. Mühəndis-proqramçıların bu təhlükələrdən qorunmaq üçün şəxsi məlumatlarını kənar şəxslərə ötürməmələri, yönləndirilən hər hansı saytın və həmin saytda tələb olunan kredit kartı, bank hesabı və bu kimi məxfi məlumatları yazmamaları, tələb olunan sorğulara şübhə ilə yanaşmaları və etibarlı mənbələrdən istifadə etmələri tövsiyə olunub.
Qeyd olunub ki, informasiya təhlükəsizliyi və ona qarşı yönəlmiş hücumların riskini azaltmaq üçün istifadəçilər təhlükəsizlik qaydalarını yaxşı bilməli, daim informasiya təhlükəsizliyi mövzusunda maariflənməlidirlər.