Dəyərli insan, görkəmli elm xadimi Hacı Qadir Qədirzadənin ömür yolu və həyat tərzi həm bugünkü, həm də gələcək nəsillər üçün bir nümunədir. Özünəməxsus nitq qabiliyyəti olan Hacı Qadir Qədirzadə insanlara tanış olan mövzulardan elə danışardı ki, sanki onu yeni eşidirsən kimi təsəvvürü yaranardı. Şüurlu fəaliyyətinin böyük hissəsini elmi yaradıcılığa həsr edən Hacı Qadir Qədirzadənin elmi yaradıcılığı da orijinallığı ilə seçilirdi. Elmi fəaliyyətində ailə-məişət məsələləri, etnik tarix, etnik-mədəni münasibətlər, etnodemoqrafik proseslər, inanclar sistemi, türk xalqları arasında etnogenetik əlaqələrin öyrənilməsi əsas yer tuturdu. Böyük elm adamı olmaqla yanaşı Hacı Qadir Qədirzadə həm də əsl azərbaycanlı, öz xalqına bağlı bir insan idi. Hələ tələbəlik və gənclik illərində öz xalqının taleyinə biganə qalmamış, müstəmləkə əsarətinə qarşı mübarizə aparmış, etiraz səsini ucaltmaqdan qorxmamışdı. O, XX əsrin 90-cı illərində Azərbaycan xalqının müstəqilliyi uğrunda mübarizə aparan fəal ziyalılarımızdan biri idi.
Hacı Qadir Qədirzadə dəliqanlı, emosional olmaqla bərabər həddən artıq səbirli və təmkinli bir insan idi. Səbrlə dinləməyi, öz sözünü deməyi bacaran idi.
Onun elmi yaradıcılığı türk xalqlarına, türkçülüyə sevgi ilə dolu idi. Azərbaycan xalqının mənəvi mədəniyyətinin vahid türk xalqının tərkib hissəsi kimi təqdim edən Hacı Qadir Qədirzadə böyük coğrafiyada yaşayan xalqların mənəvi mədəniyyətindəki ümumi cəhətləri, etnosu qoruyub saxlayan və onu yaşadan xüsusiyyətləri açıb göstərə bilmiş, türk xalqlarının vahid bir kökdən yarandığını obyektiv dəlillərlə ortaya çıxarmışdı.
Azərbaycan, o cümlədən Naxçıvan etnoqrafiyasının gözəl bilicisi olan Hacı Qadir Qədirzadənin özü də etnoqrafiya ilə bağlı canlı bir kitab idi. Bu kitabı vərəqlədikcə türk xalqlarının yaşadığı tarixi coğrafiya, onların ailə və məişəti, adət və ənənələri, şərəfli tarixi göz önündə canlanırdı. Onun ahəngdar, zövq oxşayan nitqi zümzümə edən bir dağ çayı kimi insanın ruhunu oxşayar, bugündən çox-çox uzaqlara aparar, Uzaq Sibirdən Avropaya doğru hərəkət edən türk xalqlarının köçləri qatar-qatar göz önündən gəlib keçərdi.
Hacı Qadir Qədirzadənin yaradıcılığında insan amili əsas yer tuturdu. O deyirdi ki, “dünya insanla dünyadı. Dünyada ayrıca dünyadı insan”. O, insanı maddi və mənəvi varlığın ən mükəmməl yaradılışı hesab edirdi.
Özündə həm dini, həm də elmi birləşdirən Hacı Qadir Qədirzadətərkidünyalıqdan uzaq qaçmış, ürəyi həmişə qurub-yaratmaq eşqi ilə döyünmüşdür. Ömrünün son günlərində yazdığı “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” adlı kitab da buna nümunə idi. “Dədə Qorqud”dan Məmməd Araza, “Bilqamıs”danNizamiyə, YunusƏmrədən Nəsimiyə və Aşıq Veysələ qədər həm şifahi xalq ədəbiyyatının, həm də klassik Azərbaycan ədəbiyyatının bilicisi olan Hacı Qadir Qədirzadə insanları haqqa, ədalətə və xalqa xidmət etməyə çağırırdı. Heç də təsadüfi deyil ki, O, “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” adlı kitabını Nəsiminin aşağıdakı beyti ilə başlamışdı:
Mərifət kəsb etmədən sən fanisən,
Bir-iki gün dünyanın mehmanisən,
Həqqi bilsən aləmin sultanisən,
Bilməsən xud div ilə şeytanisən.
İnsanlığın ali məqsədini Allaha xidmət etməkdə görən Hacı Qadir Qədirzadə xurafat və mühafizəkarlıqdan uzaq olmaqla dini bayraq edib insanlığa qarşı çıxanları, müharibə və münaqişə törədənləri lənətləyirdi. O, öz şəxsində insanlığa və dinə xidmət etməyin ən mükəmməl nümunəsini yaratmışdı. O, deyirdi ki, “İslamın başlıca qayəsi yüksək səviyyəli, yetkin, Allahı tanıyan və ona ibadət edən insan yetişdirməkdir. Bu isə insanın özünü bilməsindən, tanımasından keçər ki, bütün bunlar da elm və təhsillə mümkündür”.
Dünyanın hər yerini gəzən, hər yerini görən Hacı Qadir Qədirzadənin fikrinə görə, dünyanın ən gözəl yeri insanın öz evidir. Çünki insan yalnız orada hüzur tapa bilir, Allaha sığınır onun eşqi ilə yaşayır. İnsanları dünya malına uymamağa, xeyirxahlığa, Allaha xidmət etməyə çağıran Hacı Qadir Qədirzadə öz mənəviyyatına uyğun olaraq bu dünyanı fani hesab etmiş, özünü qərib yolçu adlandırmışdır.
Həm xalqına, insanlığa xidməti ilə, həm də Allaha ibadəti ilə o dünyasını bu dünyada qazanan Hacı Qadir Qədirzadə ömrünün son vaxtlarında ağır xəstəliyə tutulduğu vaxt həyatının sona yetişdiyini hiss eləmiş, “mənim Günəşim təpəni aşıb, bir azdan işığı sönəcək, qaranlıqlar çökəcək. Mən qaranlıqdan qorxmuram” deməklə ölümü qəbul etmişdi. Bu onun yüksək mənəvi kamilliyə çatdığını göstərirdi. Hacı Qadirin Günəşi təpəni aşsa da, ondan sonra özü boyda bir nur və ziya qaldı. Nəsillərə nümunə olan bir həyat yolu insanlara doğru yol göstərməyə, işıq salmağa başladı.
Allah ona rəhmət etsin
Vəli Baxşəliyev
AMEA-nın müxbir üzv