Babək rayonunda monitorinq aparılıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Babək rayon ərazisində monitorinqlər keçirilib.
NUHÇIXAN xəbər verir ki, monitorinqlərə rayon ərazisindəki su anbarlarından başlanılıb. Anbarların giriş və çıxışından nümunələr götürülərək səyyari analizlər aparılıb. Yoxlama zamanı suyun tərkibindəki hidrogenin və həll olunmuş oksigenin miqdarı, elektrik keçiriciliyi, digər parametrlər nəzərdən keçirilib və sudakı bütün göstəricilər müsbət qiymətləndirilib. Monitorinqlər rayon ərazisindəki çaylardan başqa bərk məişət tullantıları poliqonunda da aparılıb.
Monitorinqlər zamanı Babək Rayon Mərkəzi Xəstəxanasında tibbi tullantıların idarə olunması, ekoloji və sanitar qaydaların vəziyyəti araşdırılıb. Tullantıların ərazidə vaxtında basdırılması haqqında aidiyyatı təşkilatlara məsləhətlər verilib. Rayon ərazisində yaşıllıq sahələrinə də baxış keçirilib.
Novruz Məmmədov