Məkan... Böyük Türkiyə...
Sakit, dəhşətli gecə...
İl iki min iyirmi üç...
Hər kəs yatır sakitcə.
Fevralın altısıdır...
Dörd on yeddidir zaman...
Ayrılır yer yerindən,
Ölüm – qaranlıq duman.
Divarla qopub düşən
Saatla vaxt dayandı.
Qış günü, qar-boranda
Yandı ürəklər, yandı...
Dərdlərin yuxusu yox,
qaçırdığı yuxudu.
Daş altından boylanan
Çarəsizlik, qorxudu.
Evlər üyüdülmüş dən,
Yersə, yer boyda sacdı.
Tanrının əli açıq,
Torpağın gözü acdı.
Pərdələr pəncərəsiz,
Otaqlar divarsızdı.
Hərdən dillənir həyat,
Ölüm necə arsızdı.
Donmuş üzlər danışır,
Həyat- ölüm qol- boyun.
Qaranlıqdan işığa
Yatan da var yol boyu.
Yumşaq yataqlarından
insanları qopardın.
Daş altında yuxuya,
Tanrı, özün apardın.
Nələr olur?- soruşan
körpə, nələr olmadı??
Həyatın alt- üst olub,
daş-daş üstə qalmadı.
Harda anam?- Sualın
çox insana sözü var.
Axtarıb tapmaq üçün
yer altı, göy üzü var.
Gücüm nəyə çatır ki?
Bəxti sınan güzgüyə.
Iki canda bir ürək,
Ölməyəcək sevgiyə.
Məsumların önündə
günahkardı böyüklər.
Bağışla məni, körpəm,
sənə ağır bu yüklər...
Təranə Arifqızı
Naxçıvan radiosunun əməkdaşı