Qürurla xatırlayırıq - FOTOLAR
“Siz qoçaq adamlarsınız, mərd adamlarsınız, bunları qoruyun”
İllər çox şeyi dəyişir... Lakin xalqın yolunda ömrünü şam kimi əridən insan sevgisini qərinələr, əsrlər, hətta eralar da dəyişə bilməz. Bu xalqın, bu millətin qəlbində ona sevgi dünya boydadı. Qüdrətli Azərbaycan bu günü üçün ömrünün hər anı, hər günü, hər ayı tarixə dönən o böyük şəxsiyyətə borcludur - hər zaman xalqın arasında olan, xalqa arxalanan, xalqdan güc alan, zəngin və mənalı həyatı xatirələrdə, fotolarda, qalın-qalın kitablarda, bir xalqın taleyində, tarixində əbədiləşən ulu öndər Heydər Əliyevə. Dövlətçiliyimizin onunla bağlı olan səhifələri o qədər çox və zəngindir ki, bu səhifələri vərəqləməyə, bəlkə də, insan ömrü yetməz. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrü yaşayan, hələ uşaqlıq, yeniyetməlik vaxtlarından onu tanıyan, onunla şəxsən görüşən hər bir azərbaycanlının böyük şəxsiyyətlə bağlı zəngin və fəxr dolu xatirələri var.
Ölkə Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci ildə imzaladığı Sərəncama əsasən 2023-cü il Azərbaycanda “Heydər Əliyev ili”dir. NUHÇIXAN İnformasiya Agentliyinin oxucularına təqdim etdiyi “Qürurla xatırlayırıq” layihəsində ulu öndər Heydər Əliyevin həyatının Naxçıvanla bağlı məqamlarına nəzər salacaq, Naxçıvan ziyalılarının onunla bağlı xatirələrini təqdim edəcəyik.
Babək Rayon Ağsaqqallar Şurasının sədri Tofiq Abutalıbovu neçə illərdir tanıyıram. 1942-ci ildə Nehrəm kəndində anadan olub. Gəncə Kənd Təsərrüfatı Akademiyasının “Aqronomiya” fakültəsini bitirib. O vaxtdan ixtisası üzrə bir çox sahələrdə çalışıb. 1992-ci ildə yaranan YAP-ın ilk üzvlərindəndir. Uzun illər Nehrəmdə Bələdiyyə sədri işləyib. Peşə fəaliyyətimlə əlaqədar Nehrəm qəsəbəsində olarkən onunla bir neçə dəfə həmsöhbət olmuşam.
İnsan şəkillərdə gələcəyə baxır, şəkillərə baxanda isə keçmişi xatırlayır. İndi 71 yaşlı Tofiq Abutalıbov da əlindəki şəkilə baxanda o günü, o görüşü xatırlayır. Düz 20 il bundan öncə, 2001-ci ilin sazaqlı bir fevral günündə Prezident sarayında baş tutan görüşü… Həmin gün çəkilib bu fotoşəkil. Ulu öndər Heydər Əliyev Nehrəmin bir qrup ziyalılarını Prezident sarayına dəvət edərək onları şəxsən özü qəbul edir. Hakimiyyətdə olduğu illər ərzində hər zaman xalqın arasında olan, sadə vətəndaşların qayğıları, problemləri ilə maraqlanan ulu öndər işlərinin gərgin vaxtında da nehrəmliləri unutmayıb, onların qayğılarını eşidir.
Görüşdə Naxçıvan Muxtar Respublikasının ozamankı səhiyyə naziri Əqil Mehdiyev, YAP-ın Babək rayonu üzrə ərazi təşkilatının sədri İsa Məmmədov, tanınmış həkim Hüseyn Niftəliyev, Babək rayon Ağsaqqallar Şurasının sədri Tofiq Abutalıbov və Nehrəmin digər ziyalıları Vilayət Mehdiyev, Heydər İsmayılov, Həsən Mehdiyev, Nəriman Mehdiyev, Süleyman İsmayılov, Abdulla Mirzəəliyev, Qadir Cəfərov iştirak edir. Onların bir çoxu dünyasını dəyişib. Bəziləri hələ həyatdadır…
Ulu öndərlə bağlı xatirələrini bizə danışan Tofiq müəllim bir anlıq o anları, o dövrü yaşadı, xilaskar lideri qürurla xatırladı: “1969-cu ildə ilk dəfə hakimiyyətə gəldiyi dövrdə ulu öndərə böyük sədaqət və rəğbət bəsləyən Nehrəm camaatı ümummilli lider Moskvaya yüksək vəzifəyə getdiyi dövrdə də onunla əlaqələrini kəsmədi. SSRİ-də ən nüfuzlu rəhbərlərdən biri kimi Heydər Əliyevin hər bir uğuru nehrəmliləri də sevindirdi. O zaman mehriban, təəssübkeş, işgüzar nehrəmlilər Heydər Əliyevin arxasında dağ kimi dayandılar. Kəndimizin dövlətə və dövlətçiliyə sədaqətli adamları xalqımızın ən çətin anlarında prinsipial mövqelərindən dönmədilər. Heydər Əliyev 1987-ci ildə SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsindən və SOV. İKP MK Siyasi Bürosu vəzifəsindən istefa verən zaman buna ilk etiraz edən, Moskvaya ilk teleqramları göndərən də nehrəmlilər idi. Həmin dövrdə onun Naxçıvan şəhərində ucalan büstünün ermənilər və digər nankor şəxslər tərəfindən dağıdılmaması üçün əlimizdən gələni etdik, kəndimizin qeyrətli kişiləri, o cümlədən mən aylarla gecə-gündüz abidəyə keşik çəkdik”.
Tofiq müəllim deyir ki, 90-cı ildə naxçıvanlılar böyük şəxsiyyəti həm Azərbaycanın, həm də SSRİ-nin millət vəkili seçmək istəyirdilər.
“Biz yığıncaq çağırdıq. Çətinliklə də olsa, Heydər Əliyevə məktub yazdıq ki, 340 nömrəli Nehrəm seçki dairəsindən namizədliyini irəli sürsün. Heydər Əliyevdən razılıq gəldi. O zaman nehrəmlilərin ümummilli liderə verdikləri o səs dənizdə bir damla su kimi görünsə də, ölkəmizin sonrakı taleyində böyük rol oynadı. Heydər Əliyevin 1990-cı ildə məlum səbəblər ucbatından Moskvadan Bakıya, oradan Naxçıvana qayıdışı blokada şəraitində yaşayan Naxçıvanın və Azərbaycanın xilası oldu. Heydər Əliyevin qayıdışını bütün Naxçıvan camaatı və nehrəmlilər böyük sevgi, izdihamla qarşıladı. Bir neçə gün sonra isə o, nehrəmlilərlə görüşmək istədiyini bildirdi. O vaxt mən Nehrəmdə Sovxoz direktoru idim. Onu görmək üçün Naxçıvanın başqa rayonlarından, kəndlərindən də insanlar gəlmişdi. Nehrəmin mərkəzi parkında iynə atsaydın, yerə düşməzdi. Böyükdən kiçiyə hamı indiki Heydər parkına toplaşmışdı. Onun hüzuruna xalçalar döşəndi, qurbanlar kəsildi. O böyük və izdihamlı görüşdə ulu öndər alqışlarla tribunaya qalxdı, xalqı ilə fikirlərini bölüşdü, çox şeylərdən danışdı. Dedi: “Harada olmuşamsa, Nehrəm kəndinin Azərbaycan tarixində xüsusi yerini qeyd etmişəm. Bu tarixi kəndin, Nehrəmin yetirmələri Azərbaycan xalqının tarixində şərəfli yer tutmuşlar. Nehrəmlilər qoçaq, mərd, öz zəhməti, əməyi ilə yaşayan adamlardır”.
1990-cı ilin sentyabr ayında Heydər Əliyev 340 saylı Nehrəm seçki dairəsindən Azərbaycan SSR və Naxçıvan şəhər M.F Axundov adına seçki dairəsindən Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçildi. Həmin dövrlərdə biz ulu öndərlə hara lazım olsa, gedir, onun təsis yığıncaqlarında iştirak edirdik. Onunla, demək olar ki, hər gün, gün aşırı görüşürdük. Görüşlərdə fasilə yarananda darıxırdı, bizə zəng vurub deyirdi ki, Əqil həkimlə bərabər yanıma gəlin. Biz də gedərdik, maraqlı söhbətlərimiz olurdu. Xatirimdə qalan bir də odur ki, Heydər Əliyev deyirdi ki, Nehrəmdə xeyir-şər məclisləri olanda mütləq mənə xəbər edin. Lakin biz işinin gərginliyindən demirdik. Vəziyyəti biləndə isə bizə qəti surətdə bildirirdi ki, tələb edirəm. Dəfələrlə nehrəmlilərin xeyir işlərinə gələrək mübarək olsun deyir, yas məclislərində başsağlığı verirdi.
Heydər Əliyev Naxçıvana gələndə doğma bacısının köhnə evində qalırdı. Onu tez-tez ziyarət edənlərdən biri nehrəmli Rzaqulu Nəcəfov idi. Həmişə deyərdi ki, mən Heydər Əliyevi həm güldürmüşəm, həm də ağlatmışam. Görüşlərinin birində Heydər Əliyev qəhərlənərək deyir ki, bax görürsünüz, mən bu qədər rəhbər vəzifələrdə çalışdım, xalqım üçün çox işlər gördüm, amma bir evim olmadı, gəlib qısılmışam bacımın daxmasına.
Bu zaman Rzaqulu kişi:
-Yoldaş Əliyev, niyə belə danışırsan? Bəs Bakıda tikdirdiyin zavodlar, fabriklər sənin deyil? Naxçıvanda sənin hesabına üzümçülük inkişaf etdi. Bunlar hamısı sənin səmərəli fəaliyyətin, evin deyil?
Bu sözlərdən sonra Heydər Əliyevin üzündə təbəssüm yaranıb, xeyli gülüb:
- Deyirsiz, bunların hamısını mənim xalqım bilir?
Rzaqulu kişi isə: “Nəinki bilir, hətta qürur duyurlar”,- deyir.
Heydər Əliyev Naxçıvanda Ali Məclisin Sədri olanda da kəndimizə tez-tez gəlirdi. O vaxt mən təsərrüfat rəhbəri idim. Bir gəlişində məndən soruşdu ki, nə çətinliyiniz var? Nehrəmdə xəstəxananın olduğunu, amma doğum şöbəsinin olmadığını dedim. Dedi, mən onu plana saldıracam. 90-cı illərdə Nehrəmdə iki mərtəbəli, 13 palatalı doğum şöbəsi tikildi və ulu öndərin tapşırığı ilə həmin doğum şöbəsi Cəlil Məmmədquluzadənin qızı Münəvvər Məmmədquluzadənin adını daşıdı. Çünki Münəvvər xanım vaxtilə Nehrəmdə tibb bacısı olmuşdu.
Onun Naxçıvanda yaşayacağı evin tikintisi üçün nehrəmli Əsgər Əkbərov xüsusi briqada ayıraraq tikintiyə şəxsən özü nəzarət edirdi. O deyirdi ki, köhnə bina söküləndə həyətdə bir tut ağacı var idi. Heydər Əliyev o tut ağacını kəsməyə qoymadı, atasının yadigarı olduğunu və müharibə vaxtı onların ümid yeri olduğunu dedi. Hətta o iştirak etdiyi tədbirlərin birində kövrələrək tut ağacı mahnısını da oxuyur.
Yaxşı xatırlayıram, 1993-cü ildə Babək rayonunda köhnə, şəraitsiz bir binada YAP-ın təsis yığıncağı keçirilirdi. Soyuq qış ayları idi. İclası da Əqil Mehdiyev aparırdı. O deyəndə ki, Heydər müəllim, soyuqdur, palto ilə oturun, dedi, mən etik qaydaları poza bilmərəm, Əqil. Biz palto ilə oturmuşduq. O, paltosuz oturdu iclasda. Belə, sadə əvəzsiz bir insan idi Heydər Əliyev.
Heydər Əliyev ikinci dəfə prezident seçiləndən sonra da bizimlə əlaqələrini kəsmədi. O vaxt prezident sarayındakı görüşdə də bizi çox böyük səmimiyyətlə qəbul etdi, hamımızla təkbətək salamlaşdı. Dedi: “Nə var, nə yox, necəsiniz? Çoxdandır, nehrəmlilərlə görüşməmişdim. Bilirəm ki, mən də darıxmışam, siz də çox darıxmısınız. Nehrəmlilərlə mənim xüsusi dostluğum var. Naxçıvana imkan olmur, çox gəlim. Naxçıvan necədi, Əqil müəllim, siz danışın”.
Sadiq dostu Əqil Mehdiyev ona nehrəmlilərin səmimi salamlarını, arzu və istəklərini çatdırdı. Onun prezidentliyi dövründə Naxçıvanda sosial-iqtisadi və səhiyyə sahəsində görülən işlərdən danışdı. O vaxt Naxçıvan Muxtar Respublikası səhiyyə naziri olmuş Əqil Mehdiyev çıxışında bildirdi ki, Nehrəmin su problem var. 4000 ha məhsuldar torpaq sahəsi suya görə əkilmir. Heydər Əliyev ovaxtkı Baş nazir Artur Rasizadəyə tapşırdı ki, vəsait ayrılsın, bir ay ərzində Nehrəmin su problemi həll olunsun.
Tövsiyələrini də çatdırdı. Dedi ki, “Nehrəm böyük kənddir. Yüzlərlə ziyalısı var. Siz ziyalılar, ağsaqqallar da çalışmalısınız ki, Nehrəmin bu gözəl ənənələrini, yüksək-əxlaqi dəyərlərini qoruyasınız. Siz mərd adamlarsınız, qoçaq adamlarsınız, saf adamlarsınız, bunları saxlayın”.
Onun şəxsi təşəbbüsü ilə Nehrəmə içməli su xətti çəkildi, bu gün də nehrəmlilər həmin içməli su xəttindən istifadə edirlər. Araz çayı üzərində olan nasosların təmirindən sonra suvarma suyu sahəsində işlər yaxşılaşdı, Nehrəmin hektarlarla torpaq sahələri suvarıldı.
O görüşdə Nehrəm kənd 3 nömrəli məktəbin direktoru olmuş Həsən Mehdiyev də çıxış etdi. Bildirdi ki, nehrəmlilərin xahişi odur ki, icazə versəniz əgər, bizim məktəbə sizin adınız verilsin. Ulu öndər: “çox təşəkkür edirəm. Amma mən dəfələrlə demişəm ki, hələ necə ki mən yaşayıram, mənim adıma heç bir şey olmamalıdı. Amma dünyadan köçəndən sonra, (gülərək) nehrəmlilər yaddan çıxarmazlar”,- dedi”.
Bəs nə idi nehrəmlilərin və Heydər Əliyevin nehrəmlilərə olan bu sevgisi. Cavab sadədi. Çünki Heydər Əliyev həyatının ən çətin dönəmlərində nehrəm camaatının ona olan sədaqətini görmüşdü. Heydər Əliyev Naxçıvana çox bağlı idi. O, nehrəmlilərlə dost idi. Hələ 1969-cu ildən Nehrəm camaatının qəlbində yer salmışdı. Nehrəmlilərin Heydər Əliyevin xatirəsinə bağlılıqlarının daha bir ifadəsi 2017-ci ildə Nehrəmdə Heydər parkının açılması oldu. Bu gün Nehrəm qəsəbəsində üçrəngli bayrağımızın bərq vurduğu park ulu öndərin şərəfinə Heydər parkı adlanır. Böyük şəxsiyyət vaxtilə bu parkın ərazisində nehrəmlilərlə görüşmüşdü. Bu gün kənddən qəsəbə statusuna dönən Nehrəmə baxanda insanların Heydər Əliyev irsinə diqqət və qayğısını, sevgi və sədaqətini görəndə bir daha əmin oluruq ki, 70-80-ci illərdə, müstəqillik illərində olduğu kimi böyük şəxsiyyət yenə də xalqın arasındadır və Azərbaycan adlı məmləkət var olduqca yaşayacaq.
Türkanə Əmoyeva
“NUHÇIXAN”