“Naxçıvan” Universitetində ali təhsil ocağının iqtisadiyyat fakültəsinin müəllimi Zahid Qənbərovun “Məntiq test toplusu” kitabının təqdimatı olub.
NUHÇIXAN xəbər verir ki, tədbirdə çıxış edən universitetin rektoru, professor İsmayıl Əliyev Zahid Qənbərovun 2 test kitabının, 2 test bankının və 1 dərs vəsaitinin müəllifi olduğunu bildirib. Rektor qeyd edib ki, bu nəşrlər oxucu kütləsi arasında çox geniş yayılmaqdadır. Bu günlərdə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görən “Məntiq test toplusu” adlı kitab elmin müvafiq sahəsi üzrə biliklərin daha sistemli şəkildə mənimsənilməsinə xidmət edəcək aktual nəşrdir.
Universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu bildirib ki, dərs vəsaiti magistraturaya və dövlət qulluğuna qəbul imtahanları proqramı əsasında hazırlanıb. Verilmiş testlərdən istifadə etməklə tələbələr təməl məntiqi düşünmə biliklərini möhkəmləndirməklə yanaşı, öyrənmənin yeni forma və metodlarına da yiyələnəcəklər. Test vəsaitindən ali məktəb tələbələri, dövlət qulluğuna hazırlaşanlar, müəllimlər və məntiq elminə maraq göstərən bütün şəxslər istifadə edə bilərlər.
Sonra iqtisadiyyat kafedrasının müdiri, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, dosent Dilsuz Qasımovun, həmin kafedranın müəllimi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Elşad Ağayevin, “Naxçıvan” Universiteti kitabxanasının əməkdaşı, magistrant Aygün Kürdovanın və universitetin Tələbə-Gənclər Təşkilatının sədri, iqtisadiyyat ixtisasının IV kurs tələbəsi Sənan Əhmədovun çıxışları dinlənilib.
Sonda müəllif tədbirin təşkilatçılarına minnətdarlıq edib.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.