Son beş ildə dörd islahat paketi icra olunub ki, həmin islahatlar çərçivəsində digər sosial ödənişlər kimi, pensiyalarda da davamlı artıma nail olunub. Belə ki, bu ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketinin tərkib hissəsi kimi minimum aylıq əmək pensiyasının məbləği də 2023-cü il fevralın 1-dən 280 manata çatdırılıb. Beləliklə 2018-ci ilə nisbətən minimum pensiyada 2,5 dəfə artıma nail olunub. Hazırda minimum pensiya pensiyaçılar üçün yaşayış minimumunu 40,7 faiz üstələyir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondu İdarə Heyətinin sədri Himalay Məmişov bu gün pensiyaların indeksləşdirilərək artırılmasına dair keçirilən mətbuat konfransında deyib.
H.Məmişov eyni zamanda yeni Sərəncamla pensiyaların Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2022-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 14,7 faiz indeksləşdirilərək bu il yanvarın 1-dən artırıldığını qeyd edib. Bildirilib ki, yeni artımlar üçün illik əlavə olaraq 728 milyon manat vəsait ayrılıb.