Ötən həftəsonu bir daha Naxçıvana getdim. Şərqi Anadolu Jurnalistlər Birliyinin sədri Feridun Fazıl Özsoy və digər həmkarlarımla birlikdə İğdırda keçirilən bölgə konfransından sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, türk dünyasının müdrik liderlərindən olan cənab Vasif Talibovun dəvətlisi qismində Naxçıvanda səfərdə olduq, bu qədim yurdu gəzdik, çox məhsuldar görüş keçirdik.
1992-ci ildən bəri bir neçə dəfə Naxçıvana səfər etmişəm. Həmin dövrlərdə Naxçıvan məndə köhnə binaları və küçələri ilə tərk edilmiş qəsəbə təsəvvürü yaradırdı. Lakin bugünkü Naxçıvan insanda tamamilə başqa bir təəssürat formalaşdırır. Gəldiyim qənaət budur: Naxçıvan müasir, inkişaf edən, lakin millî üslubunu və tarixini qoruyub saxlayan hüzur şəhəridir. Sanki Naxçıvan küllərindən yenidən doğulmuş, yenidən qurulmuşdur. Köhnə binalar təmir olunmuş, geniş və səliqəli küçələr salınmış, yeni binalar tikilmiş, tarixi abidələr bərpa olunmuşdur. Ən önəmlisi isə tarixi-memarlıq abidələrinin ətrafındakı açıqlıqdır. Heç bir tarixi abidənin yaxınlığında yüksək binalar tikilməmişdir. Meydanları, parkları və qoruqları Arazın sahilindəki bu qədim şəhəri cənnətə çevirmişdir.
Naxçıvan 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtıdır. Naxçıvanqalanın yaxınlığında 2500 nəfərlik yeni məscidin tikintisi yekunlaşmaq üzrədir. Bu məscid İslama “Naxçıvan yadigar”ıdır.
Naxçıvanda Nuhun məzarını da ziyarət etdik, dualar oxuduq. Biz hələ də Nuhu dünyaya tanıtmamışıq. Çünki bizdə nə məlumat, nə sənəd, nə də müzey var.
Yazının bu yerində bir haşiyə çıxaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Naxçıvan üçün gördüyü işləri diqqətə çatdırmaq istəyirəm. Bu gün Naxçıvan Muxtar Respublikası hər gün dəyişən və inkişaf edən müasir muxtar respublika olmaq yolunda inamla irəli doğru gedir. Bunu da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun idarəçiliyinə borcludur.
Səfər zamanı Naxçıvanqalada keçirilən bal festivalında gördüklərim, Naxçıvan Biznes Mərkəzində Naxçıvanda istehsal olunan qida və sənaye məhsullarının sərgisi ilə tanışlığım və bütün bunları qürurla bizə çatdıran məsul şəxslər məni də qürurlandırdı.
Hesab edirəm ki, Naxçıvanda media nümayəndələri arasında keçirilən görüş və bu zaman əməkdaşlıq üçün yeni istiqamətlərin müəyyənləşdirilməsi çox səmərəli olacaq.
Ələddin Aslan
narinkalegazetesi.net