Oktyabrın 20-də Türkiyənin Şərqi Anadolu Jurnalistlər Cəmiyyətinin xətti ilə qardaş ölkənin bir qrup media nümayəndəsi Naxçıvanda səfərdə olmuşdur. Naxçıvan səfərinə qardaş ölkənin mətbuat orqanlarında və internet saytlarında geniş yer verilir, muxtar respublikada bütün sahələrdə müşahidə olunan inkişaf və tərəqqi, sabitlik nümunə kimi təqdim edilir.
Şərqi Anadolu Jurnalistlər Cəmiyyətinin sədri Feridun Fazıl Özsoyun Ərzurumda nəşr olunan “Pusula” qəzetində “Qardaş köməyi və Naxçıvan” sərlövhəli məqaləsi dərc olunmuş, eyni zamanda həmin məqalə qəzetin gazetepusula.net internet saytında yerləşdirilmişdir. Həmçinin Ağrı Jurnalistlər Cəmiyyətinin sədri Ələddin Aslanın "Narınqala" qəzetində və qəzetin narınkalegazetesi.net saytında "Heyranedici Naxçıvan" adlı məqaləsi dərc olunub. Hər iki məqaləni təqdim edirik.
QARDAŞ KÖMƏYİ və NAXÇIVAN
Həftə sonu Şərqi Anadolu Jurnalistlər Cəmiyyətinin bölgə konfransını keçirtmək üçün İğdırda idik. Konfransda üzrlü səbəblərə görə Tunceli, Elazığ, Van və Bingölü çıxmaq şərtilə digər bölgələrin - Ərzurum, Malatya, Bitlis, Muş, Ərzincan, Ağrı, Ərdahan, Qars və İğdırın jurnalistlər cəmiyyətləri iştirak edirdi. Müzakirələr zamanı bütün problemlər gündəmə gətirildi və aid qurumlara çatdırılması qərara alındı.
Toplantıdan sonra türk dünyasının önəmli liderlərindən olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dəvətlisi olaraq Naxçıvanda birgünlük səfərdə olduq. Naxçıvan Dövlət Televiziyasının əməkdaşları səfər müddətində bizi müşayiət etdilər. Hər iki tərəfin media nümayəndələrinin görüşündə Türkiyənin şəhərlərini Naxçıvana, Naxçıvanı isə Türkiyəyə tanıtmaq sahəsində media qurumlarının əməkdaşlığının və qarşılıqlı təbliğatın əhəmiyyəti vurğulandı, səmərəli müzakirələr aparıldı.
Önümüzdəki günlərdə Naxçıvanda gördüklərimiz və müşahidə etdiklərimiz barədə oxucularımıza ayrıca yazılarda məlumat verəcəyik. Lakin bu yerdə bir həqiqəti etiraf etməliyik. O da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Naxçıvan üçün gördüyü işlərdir. Naxçıvan Muxtar Respublikası günbəgün öz simasını dəyişir, inkişaf edir və müasir muxtar respublika olmaq yolunda əmin addımlarla irəliləyir. Naxçıvan bütün bunları Ali Məclisin Sədri cənab Vasif Talıbovun rəhbərliyinə və idarəçiliyinə borcludur.