Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda torpaq mülkiyyətçiləri gələn ilin bol məhsulu üçün hazırlıq işlərinə başlayıblar. Rayonda indiyədək 2 min 75 hektar sahə şumlanıb, 482 hektardan artıq sahə əkilib. Bunun 430 hektarı taxıl, 52 hektarı isə arpadır.
NUHÇIXAN xəbər verir ki, səpində, əsasən, yüksək məhsuldarlığa malik olan “Qiymətli”, “Bərəkətli”, “Nurlu”, “Əzəmətli”, “Qılçıqsız” toxum sortlarından istifadə edilir.
Qeyd edək ki, strateji sahə olan taxılçılığın inkişafı muxtar respublikada diqqət mərkəzində saxlanılır. Bunun üçün kompleks tədbirlər həyata keçirilir, əkin sahələri genişləndirilir, məhsuldar toxumların əkininə üstünlük verilir, intensiv becərmə metodları tətbiq edilməklə məhsuldarlıq yüksəldilir.
Şərur rayonunda da taxıl istehsalının ilbəil artırılmasına ciddi önəm verilir. Rayonda şum aparılması və taxıl əkini işləri sürətlə davam etdirilir.