Muxtar respublikada fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin şagirdləri arasında spartakiadaya start verilib.
NUHÇIXAN-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Şahmat, Basketbol, Yüngül Atletika və Atıcılıq federasiyalarının təşkilatçılığı ilə iki gün keçiriləcək spartakiada “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü, şahmat, yüngül atletika, basketbol, həndbol və stolüstü tennis növlərini əhatə edir.
Naxçıvan Şahmat Mərkəzində isə zəka sahibləri birincilik uğrunda qüvvələrini sınayırlar. Səkkiz komandanın iştirak etdiyi yarışda 2005-2007-ci illər təvəllüdlü məktəbli şahmatçılar mübarizə aparırlar. Hər komandanın heyətində 5 oğlan və 4 qız zəka sahibi qüvvəsini sınayır. Yarış İsveçrə sistemi üzrə keçirilir.
“Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə yarışın proqramına əsasən 9 komandanın idmançıları 100 metr məsafəyə qaçış, qumbaraatma, turnikdədartınma, 2000 metr məsafəyə kross qaçışı və pnevmatik silahdan 10 metr məsafəyə atış üzrə yarışlarda mübarizə aparırlar.
Basketbol üzrə keçirilən yarışlarda isə 4 komanda iştirak edir. Beynəlxalq Basketbol Federasiyasının qaydalarına əsasən təşkil olunan yarış dövrə sistemi üzrə keçirilir.
Stolüstü tennis yarışlarında 7 komanda birincilik uğrunda mübarizə aparır. 15-17 yaşlı məktəblilərin mübarizəsində hər komandanın heyətində 3 oğlan və 3 qız tennisçi var. Yarış olimpiya sistemi üzrə keçirilir.
Yüngül atletika yarışının proqramına əsasən 15-17 yaşlı oğlan və qızlar birincilik uğrunda mübarizə aparırlar. Hər komandanın heyətində 6 oğlan və 6 qız məktəbli iştirak edir. Onlar 100 və 400 metr məsafədə finiş xəttini birinci keçməyə çalışacaqlar.
Spartakiadada həndbol üzrə qızların yarışında isə 5 komanda mübarizə aparır. Hər komandanın heyətində 14 məktəbli iştirak edir.