NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada “Dövlət orqanlarının mətbuat xidmətlərinin fəaliyyətinin təşkili” mövzusunda seminar keçirilib. Seminarda muxtar respublikanın dövlət orqanlarının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə 22 əməkdaşı iştirak edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək bildirib ki, bu il mayın 19-da Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin fəaliyyətlərinin təşkili və qarşıda duran vəzifələrlə bağlı keçirilmiş müşavirədə komissiyaya bir sıra tapşırıqlar verilib. Verilən tapşırıqlara uyğun olaraq komissiya dövlət orqanlarında vakant mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinə qəbulla bağlı növbədənkənar müsabiqə elan edib. Müsabiqənin test mərhələsindən sonra isə mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müvafiq vəzifələrin iddiasında olan namizədlərin yaradıcılıq qabiliyyətlərinin yoxlanması üçün esse imtahanı keçirib. Həmçinin fəaliyyət göstərən mətbuat xidmətləri əməkdaşlarının attestasiyası aparılıb.
Bugünkü seminarın məqsədi isə kütləvi informasiya vasitələri üçün dövlət orqanlarının fəaliyyəti ilə bağlı materialların elmi əsaslarla hazırlanması qaydasının iştirakçıların diqqətinə çatdırmaqdır.
Seminarda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına uyğun olaraq muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin fəaliyyətinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülüb, müşavirələr keçirilib, fəaliyyətin təşkili ilə bağlı yeni vəzifələr müəyyənləşdirilib. Görülən işlərin davamı olaraq bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birlikdə mətbuat xidməti əməkdaşları üçün seminar keçirilir. Məqsəd ondan ibarətdir ki, mətbuat xidmətləri ilə kütləvi informasiya vasitələri arasındakı əlaqələr davamlı və səmərəli qurulsun, əməkdaşların peşəkarlığı artırılsın, informasiya-məlumatlandırma işi düzgün həyata keçirilsin. Ülvi Hüseynli mətbuat xidməti əməkdaşlarının fəaliyyətinin təşkili ilə bağlı qarşıda duran vəzifələrdən də danışıb.
Naxçıvan Dövlət Universitetinin Jurnalistika və kitabxanaçılıq kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyeva “Kütləvi informasiya vasitələri üçün dövlət orqanlarının fəaliyyəti barədə materialların hazırlanması qaydası” mövzusunda çıxış edərək press-reliz, çıxış, müsahibə, hesabat, prezentasiya, mətbuat konfransı, brifinq, xüsusi informasiya bülletenlərinin hazırlanmasının qaydaları və şərtləri, habelə ictimaiyyətlə əlaqələrin qurulmasının digər vasitələri haqqında slaydlar vasitəsilə ətraflı məlumat verib.
Sonda seminar iştirakçıları öz fikirlərini bölüşüb, geniş müzakirələr aparılıb. İştirakçıları maraqlandıran suallar da ətraflı cavablandırılıb.
Vüsal Muradov