Naxçıvan qədim türk yurdudur - FOTOLAR
Min illərdir türk yurdu olan bölgəmizdə Naxçıvanın yeri hər zaman üçün başqa olmuşdur. İstər siyasi, istərsə də mədəni baxımdan Naxçıvanın bölgəmizdəki əhəmiyyəti xüsusi qeyd edilməlidir. Beş min illik şəhər mədəniyyətinə malik olan Naxçıvan tarix boyu bir çox mədəniyyətə ev sahibliyi etsə də, öz adət-ənənələrindən, dəyərlərindən və mədəniyyətindən heç nə itirmədən bugünə gəlib çatmışdır. Nuh peyğəmbərdən son peyğəmbərə qədər bir çox mədəniyyətin izlərini sanki dünən olmuş kimi yaşadan Naxçıvan sosial və mədəni dəyərlərin beşiyidir. Bu fakt elm adamları tərəfindən Naxçıvanda aparılan tədqiqatların nəticəsi olaraq da təsdiq edilmişdir.
Naxçıvan strateji əhəmiyyətinə görə də tarix boyu bir çox dövlətlərin sahib olmaq istədikləri torpaq olmuşdur. Lakin bu torpağın qədimə dayanan dövlətçilik tarixi vardır. Məsələn, bu torpaqda X əsrdə Naxçıvan şahlığı, XII əsrdə Azərbaycan Atabəylər Dövləti yaranmış, XVIII-XIX əsrlərdə Naxçıvan xanlığının mərkəzi olmuş, XX əsrin əvvələrində Araz-Türk Respublikası burada yaranmışdır. Sovet işğalından sonra 1924-cü ildə Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikası yaradılmışdır. Naxçıvanın muxtariyyət statusu qazanmasında Qars müqaviləsinin əhəmiyyətini də xatırlatmaq yerinə düşər. Lakin Sovetlər Birliyi Türkiyə ilə türk dövlətlərinin əlaqəsini kəsmək üçün 70 il müddətində Naxçıvanı tərkibində saxlamışdır. 1990-cı illərin əvvələrində isə ulu öndər Heydər Əliyev Naxçıvanı işğaldan qorumuş, Azərbaycanın müstəqillik mübarizəsinə buradan başlamış, Azərbaycan dövlətçilik tarixində önəmli yerə sahib olan qərarlar qəbul etmişdir. O illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında dövlət səviyyəsində əlaqələr qurulmuşdur.
Müasir Naxçıvan beş min illik türk tarixini yaşadan qürur duyduğumuz yeganə türk yurdudur. Ulu öndərimiz Atatürkün də Naxçıvana verdiyi dəyər tarixə önəmli hadisə kimi düşmüşdür. Birinci Dünya Müharibəsindən və qurtuluş mübarizəsindən sonra Atatürk Sovetlər Birliyində qalan Naxçıvanı Qars müqaviləsi ilə qarantiyə almış, xarici ölkələrin silahlı və strateji hücümlarından qorumuşdur. Bu gün Müstafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı ilə birləşmiş, Türkiyə və Azərbaycan arasındakı hərbi, iqtisadi, mədəni və digər sahələrdəki münasibətlər daha da güclənmişdir.
Bu gün Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı bir çox ölkənin iqtisadiyyatından daha güclüdür. Sürətlə böyüyən Naxçıvan iqtisadiyyatı işğalçı Ermənistanın iqtisadiyyatını geridə qoymuşdur. Ermənistan hər gün yoxsullaşır, Naxçıvan isə istər hərbi və iqtisadi, istərsə də turizm və bunun kimi digər vacib sahələrdə inkişaf edərək bölgəmizin və türk dünyasının göz bəbəyinə çevrilmişdir. Türk dünyasının önəmli liderlərindən olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvanda az vaxtda çox böyük işlər görülmüşdür. İqtisadiyyat güclənmiş, sənaye müəssisələri fəaliyyətə başlamış, turistlərin sayı artmış, mədəni və sosial dəyərlər ön plana çıxarılmış, düzgün şəhərsalma mədəniyyəti formalaşmış, muxtar respublikanın bütün kəndləri və şəhərləri müasirləşmiş, yaşıllaşdırma tədbirləri görülmüş, tarixi abidələr memarlıq quruluşu saxlanılmaqla bərpa edilmişdir. Bu gün Naxçıvanda bütün sahələr inkişaf edir. Ölkənin əsas ərazisindən ayrı düşməsinə baxmayaraq Naxçıvanda yerli istehsalın həcmi də artmışdır. Mətbəxləri çox zəngindir. Yeməklərinin dadına doyum yoxdur.
Bir sözlə Ali Məclisin Sədri cənab Vasif Talıbovun rəhbərliyində qədim türk yurdu Naxçıvan çoxəsirlik tarixi, mədəniyyəti və müasir inkişafı ilə bütün dünyaya nümunə olan muxtar qurumdur.
Keçən həftə İgdırda keçirilən jurnalistlər cəmiyyətinin bölgə konfransından sonra Naxçıvanı ziyarət etdik. Naxçıvanda bizə xüsusi diqqət göstərdilər. Keçirilən görüşdən sonra Naxçıvanın görməli yerlərini gəzdik. Ərzincandan, Muşdan, Ərzurumdan Elazığdan, Vandan, Ağrıdan, Qarsdan, Ərdəhandan, Bəyburtdan, Gümüşhanədən gələn jurnalistlərin çoxu ilk dəfə idi Naxçıvanla tanış olurdu. Bizimlə sərhəddə eyni dili danışan, eyni mədəniyyətə sahib türk yurdunun inkişafını görüb heyranlıqlarını gizlədə bilməyən jurnalistlər öz təəssüratlarını şəhərlərində çıxan qəzetlərinin səhifələrinə çıxarırlar. Həmkarlarım Naxçıvana yenidən gəlmək və daha ətraflı gəzmək ümidi ilə ayrıldılar bu qədim türk torpağından.
Göstərilən diqqətə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov cənablarına Türkiyəli jurnalistlər adından dərin minnətdarlığımızı bildiririk.
Həftə sonları Naxçıvanın təbiəti və mədəniyyəti ilə yaxından tanış olmağı, məlumat toplamağı, Duzdağı, Möminə xatın türbəsini, Naxçıvanqalanı, Nuhun türbəsini, Əshabi-Kəhfi görməyi hər kəsə və bütün oxucularıma məsləhət görürəm.
Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı !
Yaşasın Naxçıvan !
Ərhan Hacıqasımoğlu
“İgdır” qəzeti,
www.igdirgazete.com