Naxçıvan FHN-ə yeni avtomobillər və texniki vasitələr verilib - VİDEO
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə yeni avtomobil və müxtəlif texniki vasitələr, xüsusi geyim formaları təqdim edilib.
Son illər ölkəmizdə fövqəladə hallar orqanlarının fəaliyyətinin yüksək səviyyədə təmin edilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə muxtar respublikada da əhalinin və ərazilərin fövqəladə hallardan qorunması sahəsində məqsədyönlü tədbirlər reallaşdırılır, Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazası ilbəil gücləndirilir, yeni xidməti avtomobillər və texniki vasitələr alınıb istifadəyə verilir.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə müxtəlif texnogen, təbii qəzalar və yol-nəqliyyat hadisələri zamanı xüsusi xilasetmə işlərinin aparılması, yüklərin və köməkçi materialların daşınması üçün avadanlıqları ilə birlikdə 1 “Nissan Patrol” markalı, 2 “Niva Travel” markalı və 1 “QAZEL” markalı avtomobil verilib.
Həmçinin nazirliyə 35, 55, 77 və 90 KVA gücündə 5 generator, müxtəlif həcmdə yanğınsöndürmə balonları, məişət avadanlıqları, mövsümə uyğun geyim dəstləri, xüsusi geyim formaları və digər texniki vasitələr olmaqla 91 adda müxtəlif təyinatlı avadanlıqlar verilib.
İlham Vəliyev