“Heydər Əliyev və dövlət gənclər siyasəti” mövzusunda tədbir keçirilib - FOTOLAR
Gənc ədliyyə işçiləri və könüllülərinin iştirakı ilə Heydər Əliyev Muzeyində təşkil edilən tədbirdə əvvəlcə ümummilli liderin Naxçıvan şəhərində Heydər Əliyev Muzeyinin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla anılıb.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, tədbirdə Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev ümummilli liderin misilsiz dövlət idarəçiliyindən bəhs edərək Heydər Əliyev Muzeyinin yaradılması barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Naxçıvan şəhərində yerləşən bu muzey ümummilli liderin sağlığında yaradılan ilk muzeydir və 1999-cu il 10 may tarixdən fəaliyyət göstərməyə başlayıb. 2005-2006-cı illərdə əsaslı olaraq yenidən qurulan muzeyin 20 dekabr 2006-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə təntənəli açılış mərasimi baş tutub. Hazırda muzeydə ümummilli liderin dövlətçilik və siyasi fəaliyyətinin öyrənilməsində, onun mənalı həyatı, zəngin və çoxşaxəli fəaliyyəti barədə faktların gələcək nəslə çatdırılmasında böyük rol oynayan 5000-dən çox eksponat mühafizə olunur.
Nazirliyin əməkdaşları çıxışlarında xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin dövlət gənclər siyasətindən və ədliyyə sahəsində həyata keçirilən tədbirlərdən bəhs ediblər. Bildirilib ki, ümummilli lider hakimiyyətdə olduğu bütün dövrlərdə hüquq-mühafizə orqanlarına həssaslıqla yanaşıb, bu sahədə kadrların yetişdirilməsi, xüsusilə gənc kadrların vətənpərvər və dövlətçilik ruhunda formalaşması üçün əvəzsiz xidmətlər göstərib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ulu öndərin dövlətçilik siyasətinin uğurla davam və inkişaf etdirildiyi, ölkəmizdə demokratik və hüquqi prinsiplərə əsaslanan ənənələrin layiqincə davam etdirildiyi vurğulanıb.
İştirakçılar muzeydə dahi şəxsiyyətin mənalı ömür yolundan bəhs edən filmə baxıb, titanik fəaliyyətindən bəhs edən eksponatlarla tanış olub və xatirə şəkli çəkdiriblər.