Ta qədimdən ata-babalarımızın həyatında oktyabr ayı məsuliyyətli, qışın son hazırlıqlarının görüldüyü dövr hesab olunub. Oktyabr ayı həm də taxıl səpini dövrü kimi yadda qalıb. Etnoqrafik materiallar göstərir ki, rəncbər babalarımız səpinin dövrü və müddəti haqqında ətraflı emprik biliyə malik olublar. Səpin xalq təqvimi və fenoloji müşahidələrlə müəyyən edilib. Payızda durnaların isti ölkələrə köçməsi səpinin başlanmasına işarə idi. Ona görə də xalq arasında belə bir deyim var: Durna getdi, tuma çıx, durna gəldi, şuma çıx. Səpin vaxtı başqa yerli əlamətlərlə də təyin edilirdi. Oktyabr ayında ağacların yarpaqlarının saralmağa başlaması da səpin vaxtının çatdığını bildirir. Müxtəlif fenoloji müşahidələrə görə, qışın sərt və ya mülayim, yağıntılı və quraq keçəcəyini də təyin edirdilər.
Xalq arasında təsərrüfat qayğılarının, qışa hazırlıq işlərinin başdan aşdığı oktyabr ayında tənbəllik edən adamlara işarə olaraq: “əkici ol, bilici olma” ifadəsi işlədilirdi. Yəni “il quraq keçəcək” bəhanəsi gətirərək əkin aparmamaq pislənirdi. Təcrübəli rəncbərlər yayda sürülmüş yeri, səpinqabağı “pərşum” (ikinci və çəpəki) edir, sonra səpinə başlayırdılar. Bu həm də birinci şumdan sonra göyərmiş alaq otlarının məhvinə səbəb olurdu. Etnoqraf Qəmərşah Cavadov göstərir ki, xalq arasında yayda əkilən əkinə “arağac” (erağac), payızdan 20 gün keçəndən sonra başlanan səpinə “şahtum”, bir ay sonrasına isə “şahrəma” deyilərdi. Xalq arasında belə bir misal var: “küz ək, küz sula, küz olmasa, yüz sula”. Bəzi tədqiqatçılar “küz” (ayrılmış sahə, heyvandarlıqda da bir qisim heyvanı seçib saxlamaq üçün ayrılmış yer) sözü ilə güz (payız) sözünü dolaşıq salırlar. Böyük ehtimalla, suvarmaya aid olan güz – payız deyil, küz – ayrılmış sahədir. Düzdür, suvarılan əkinlərə payızda verilən birinci su, torpaq suyu vacibdir. Payızda su içməyən taxıl yazda-yayda nə qədər su içsə də, məhsuldarlıq aşağı düşəcək. Bu dövrdə əkinləri suvarmaq üçün onun içərisində müəyyən ara ilə şırımlar çəkilir. Naxçıvanda bu şırımlar “mora”, Azərbaycanın digər bölgələrində bu şırımlar “küz” adlanır. Müasir dövrümüzdə isə əkində daha səmərəli olan şırım üsuluna keçilib.
Oktyabr ayında bağbanların da işi çox olur. Cəviz ağaclarının meyvəsi çırpılır. Yetişib göy qabıqdan ayrılan cəvizlər üstüörtülü, havalanan yerdə qurudulur. Əks-halda içərisi kiflənib xarab ola bilər. Cəviz, əsasən, dağlıq ərazilərdə becərilir və ağacı çox uzunömürlüdür. Bu dövrdə aranda qış armudunun, dağlıq zonada isə almanın yığım vaxtıdır. Toplanan almalar yeşiklərə yığılır, üstü örtülərək həyətdə kölgə bir yerdə saxlanılır. Soyuq düşənə yaxın yeşiklər bir daha çeşidlənir. Yığılan zaman zədə alan və xarab olmağa başlayan meyvələr seçilib götürülür ki, digər saf meyvələri xarab etməsin. Yeşiklər qış üçün nəzərdə tutulmuş anbara daşınır. Meyvə yığılan bina rütubətli və isti olmamalı, havası sabit saxlanılmalıdır. Heyva isə alma-armuda nisbətən bir qədər gec – oktyabrın axırı, noyabrın əvvəli toplanır. Oktyabr ayında bağlarda üzüm də yığılıb qurtarır. Əgər yağışlar başlayarsa, gilələr çatlayıb xarab olacaq. Milax üzümü yağışa düşərsə, onu bir neçə gün açıq havada sərib qurutmaq və sonra asmaq lazımdır. Üzüm yığıldıqdan sonra bağa payız suyu verilir, bu həm də tənəklərin basdırılması məqsədi üçün edilir ki, yaş torpaq kolun üzərində yapışıb qalsın.
Əsas qış turşusunun hazırlanması da oktyabr ayında həyata keçirilir. Turşunun bu vaxt qoyulmasının səbəbləri turşu üçün lazım olan məhsullarla əlaqədardır. Belə ki, turşuda istifadə edilən tərəvəzlərdən biri olan kökü vaxtilə bütün mövsümlərdə tapmaq mümkün deyildi. Bu gün isə muxtar respublikada ərzaq bolluğu təmin edilib. Naxçıvanın dükan-bazarlarından ilin istənilən vaxtı meyvə-tərəvəz və digər ərzaq məhsullarını almaq mümkündür. Naxçıvanda illik turp və kök arpa biçimi zamanı (iyunun axırında) əkilərdi və əsasən, oktyabrda tədarük edilərdi. Turşuda istifadə olunan pomidor isə artıq bostan sovuşanda təmiz yığılıb satışa çıxarılırdı. Digər bir ərzaq məhsuluna – kələmə gəldikdə isə bu, illik kələmdir. Bu kələm sortu, əsasən, sərinlər düşəndən sonra bükür, bərkiyir. Erkən qoyulan turşu istidə tez hasilə gəlir, vaxta qədər sirkələşir. Bu səbəblərə görə də oktyabr ayı turşu qoyulma mövsümü kimi qəbul edilir.
Xalq təqviminə görə, bu dövrdə məhsul (mehrican, mehrikan) bayramı qeyd olunardı. Əkinçi babalarımız ilboyu çəkdikləri zəhmətin bəhrəsini müxtəlif mövsümlərdə toplayıb qarşıdan gələn, el arasında “qarlı qış” adlanan dövrə hazırlaşardılar. Ona görə də oktyabr ayında məhsul bayramını keçirər, bir tərəfdən, onlara ruzi verən Tanrıya dua edər, qurban kəsər, digər tərəfdən, şadlıq edib öz zəhmətlərinin bəhrəsi hesabına əylənər, yeni folklor nümunələri yaradardılar.
Etnoqraf Asəf Orucov “Xalq təqvimi” kitabında bu bayram haqqında geniş məlumat verib. Müəllif müxtəlif mənbələrə istinadən bu bayramın ayrı-ayrı türk xalqlarında oktyabrın 8-dən 13-nə kimi, digər mənbədə 16-dan 30-dək – Novruz bayramı kimi təntənəli qeyd edildiyini yazır. Göründüyü kimi, ata-babalarımız görüləcək işləri xalq təqviminə görə müəyyənləşdiriblər. Oktyabr ayını isə ən məhsuldar və ilin yekunu kimi qeyd ediblər.
Zaleh Novruzov
"Şərq Qapısı" Qəzeti