FHN-də “Heydər Əliyev İli"nə həsr olunan tədbir keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində "Ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur" mövzusunda tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə güllər düzüb, dərin ehtiramlarını bildiriblər.
Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində davam etdirilən tədbirdə öncə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar naziri, polkovnik Şahin Mirzəyev 2023-cü ilin "Heydər Əliyev ili" elan olunması barədə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamının əhəmiyyətinə toxunaraq, Heydər Əliyev irsinin öyrənilməsi, təbliği, gələcək nəsillərə çatdırılması baxımından vacibliyini bildirib. Qeyd olunub ki, ulu öndər Azərbaycanın tərəqqi və inkişaf yolunu müdrik uzaqgörənliklə müəyyənləşdirib, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlayıb, sosial-iqtisadi inkişafa nail olub, müasir ordu quruculuğu, o cümlədən milli zabit kadrlarının hazırlanması üçün tarixi işlər görüb.
Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəfffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmizin qazandığı misilsiz nailiyyətlər ulu öndər Heydər Əliyevin onilliklər ərzində gələcək inkişaf üçün formalaşdırdığı möhkəm təməllərdən güc alır. 44 günlük Vətən müharibəsindəki şanlı Qələbəmiz də bunu bir daha təsdiqləyib.
Nazir qeyd edib ki, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq il ərzində Fövqəladə Hallar Nazirliyi tərəfindən də silsilə tədbirlər keçiriləcək.
Tədbirdə AMEA-nın Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov “Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin Naxçıvan dövrü”, Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” və Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi Qorxmaz Hacızadə “Azərbaycançılıq ideologiyası” mövzularında çıxışlar ediblər.