İnsan oğlunun ən böyük arzusu yəqin ki, öz səsini, istəyini nəinki yaxın, hətta ən uzaqdakı insanlara belə çatdırmaqdır.
Xəbərləşmək, məlumat vermək, hansısa ən maraqlı hadisəni duyurmaq üçün insan nəqliyyatı və daha sonra rabitəni fikirləşdi. Bu rabitə isə təkmilləşərək 19-cu əsrdən məişətimizə radio kimi daxil oldu. Sürətli informasiyanın mənbəyi, sədlər, sərhədlər bilməyən səsin qüdrəti məhz radio ilə nümayiş olundu.
7 may tarixi dünyada hər il "Radio günü" kimi qeyd edilir. Tam 123 il bundan əvvəl-1895-ci ilin məhz bu günü rus fiziki Aleksandr Popov radioəlaqənin ilk seansının həyata keçirilməsilə bağlı məruzəylə çıxış edərək, dünyada birinci radioqəbuledicini təqdim edib. Bundan sonra Popov, Şərqi Avropada radionu icad edən adam olaraq tanındı. Ancaq Qərbdə hələ də Nikola Tesla və ya tarixən Guglielmo Marconi radionun ixtiraçısı olaraq qəbul edilməkdədir. İlk vaxtlar bəzi insanlar bu elektron kütləvi informasiya vasitəsini “kağızsız və məsafəsiz qəzet», bəzilər isə “sehirli qutu” adlandırırdılar. Respublikamızda isə radio ilk dəfə 1926-cı ilin 6 noyabrında "Danışır Bakı" deyərək dinləyicilərin görüşünə gəlib. Elə o gündən bu günə də Azərbaycanın qədim tarixindən, zəngin mədəni irsindən, dünənindən, bu günündən, çiçəkli gələcəyindən danışılır. Özü də dilimizin bütün incəliklərini, bütün məziyyətlərini ifadə edərək. Açılış günü görkəmli bəstəkar Müslüm Maqomayevin xüsusi olaraq, bu hadisə ilə əlaqədar yazdığı “radio marşı” radionun dalğalsında səsləndirilib. Naxçıvanda isə yerli radio 1930-cu ildən fəaliyyət göstərir.
Bu gün Naxçıvan Dövlət Radisosunun Xəbərlər , İctimai-siyası verilişlər , Ədəbi-bədii və publisistik verilişlər və Səhər verilişləri redaksiyaları öz işini günün tələbləri səviyyəsində qurub. Bu redaksiyalarda peşəkar əməkdaşlar tərəfindən hazırlanan verilişlər muxtar respublikanın ictimai-siyası və sosial həyatını, mədəni mühitini, baş verən mühüm xəbərləri günün 18 saatında öz dinləyicilərinə rəqəmsal və internet üzərindən yayımlayır.
Bundan başqa hazırda muxtar respublikada “Naxçıvanın səsi” və Naxçıvan Dövlət Universitetinin “Nuhçıxan” radioları da fəaliyyət göstərir.
Bu isə o deməkdir ki, hər gün milyonlarla insan radio vasitəsilə dünyanın müxtəlif yerlərində baş vermiş mühüm hadisələrdən, yeniliklərdən xəbər tutur. Onun ixtirasından uzun illər keçsə də, "sehrli qutu" hələ də öz əhəmiyyətini qoruyub saxlayır.
Fatma Babayeva
Naxçıvan televiziyası