Oktyabrın 20-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində muxtar respublika üzrə keçirilən “Arıçılıq məhsulları-bal” festivalı iki gün davam edib. Festivala ötən ildə olduğu kimi, bu il də şahbuzlu arıçılar tərəfindən böyük maraq doğuran keyfiyyətli məhsullar çıxarılıb. Bu gün Şahbuz rayonunda olan 20 min 380 arı ailəsindən istehsal olunan bu qədər məhsulun festivala çıxarılması o deməkdir ki, rayonda bu sahənin inkişafına xüsusi diqqət və maraq vardır. Muxtar respublikanın bütün rayonlarından olan 288 arıçı sırasında rayonumuzu təmsil edən 60 arıçı da festivala 6 tondan artıq bal, vərəmum, çiçək tozu, arı südü, güləm, mumdan hazırlanmış əl işləri çıxarıblar. Onlar içərisində “Naxçıvanqala”, Azərbaycan Respublikasının xəritəsi və “Naxçıvan-2018” İslam Mədəniyyətinin paytaxtının loqosu festival iştirakçılarının diqqətini çəkib. Həmçinin şahbuzlu arıçıların əməyi ilə hazırlanan bal arağı, bal şərbəti, ballı tort, ballı qayğanaq və bu kimi başqa məhsullara iştirakçılar böyük maraq göstərib.
Ötən illərdə keçirilən festivallar zamanı şahbuzlu arıçılar qaliblər sırasına adlarını yazdırmağı bacarıblar. Bu il də bu sahə ilə məşğul olanlardan Şahbuz şəhər sakini Allahverdi Allahverdiyevin I yerə layiq görülməsi arıçılarda ruh yüksəkliyi yaradıb.
Allahverdi Allahverdiyev bildirdi ki, üç ildir festivalda iştirak edirəm. Şahbuzlu arıçıların bu festivallarda yer tutmasını öz uğurum kimi dəyərləndirirəm. Bu il də uğur qazanmaq mənə qismət oldu. Sevinirəm ki, I yerin qalibləri sırasına mən də layiq görüldüm. Festivala 120 kiloqramdan artıq məhsul çıxarmışdım. İştirakçılar məhsulları böyük maraqla qarşıladılar və demək olar ki, yarıdan çoxunu sata bildim. Mən bu uğurumun səbəbini təkcə öz əziyyətimin bəhrəsi kimi qiymətləndirmirəm. Çünki bu sahəyə marağımın yaranmasında, onun inkişafında dövlətimizin diqqət və qayğısı var.
Arıçılığın inkişafına göstərilən dövlət dəstəyi ilə arı ailələrinin sahibkarlara verilməsi, bu sahədə baytarlıq xidmətinin yüksək təşkili, məhsulun bazara rahat çıxarılması imkanlarının yaradılması həm arıçılığın inkişafına, həm də bal istehsalının artırılmasına şərait yaradır. Bu gün arıçılığın elmi şəkildə öyrənilməsi də bu sahədə müəyyən mənada yeniliklərə yol açıb. İndi arıçıların iştirakı ilə muxtar respublikamızda konfransların keçirilməsi, arıçılıq ləvazimatları və dərmanlarının satış mağazalarının yaradılması, bu sahənin inkişafında yeni texnologiyaların tətbiqi, balın sənaye üsulu ilə qablaşdırılması və ixracı maddi-marağımızı artırmaqla yanaşı, çəkdiyimiz əziyyətin müqabilində yaxşı qazanc əldə etməyimizə də stimul yaradır. Buna görə də şahbuzlu arıçılar adından göstərilən diqqət və qayğıya görə Ali Məclis Sədrinə minnətdarlığımı bildirirəm. Əməyimə verilən bu böyük qiymət müqabilində daha yaxşı və çox məhsul istehsal edəcəyimə söz verirəm.
Festivalda Şahbuzu təmsil edən arıçıların istehsal etdiyi məhsula yüksək dəyər verilməsi həm də onun göstəricisidir ki, rayon əhalisinin əsrlərlə yaşı olan arıçılıqla məşğuliyyəti qədim zamanlardan min bir dərdin dərmanı olan bal istehsalını artırmağa imkan verib. Yurd yerimizin dərdlərin dərmanı olan güllü-çiçəkli aranında-yaylağında çoxlu baltutarların olması burada arıçılığın inkişafına və bu sahədən götürülən qazancın artmasına öz təsirini göstərir. Hər bir arıçı yaşadığı bölgədə olan təbii relyef quruluşu və bitki örtüyündən səmərəli istifadə edir, bu sahənin inkişafına təsir edən amillərin nədən ibarət olduğunu öyrənir. Buna görə də Şahbuz balı öz dadı, qoxusu, görünüşü, bununla yanaşı, bir sıra keyfiyyət göstəriciləri ilə də ölkəmizdə və onun hüdudlarından kənarda şöhrət qazanıb.
İnanırıq ki, gələcəkdə keçirilən belə festivalların qalibi olmaq üçün hər bir arıçı istehsal etdiyi məhsulun keyfiyyətinə ciddi fikir verəcək.
“Oğuz səsi” qəzeti