Torpağın zər naxışıdı alın təri

A- A A+

Taxılçılığın inkişaf etdirilməsi, ona olan tələbatın yerli istehsal hesabına ödənilməsi, hektarın məhsuldarlığının artırılması  rayonumuzda da həmişə diqqət mərkəzində saxlanılır. Bu məqsədlə taxılçılara  dövlət tərəfindən texnikanın, toxumun, gübrənin, suvarma suyunun verilməsi üçün hər cür lazımi köməklik göstərilir. Bütün bunlar isə əkin sahələrinin boş qalmaması və yerli məhsulların istehsalının artırılması məqsədinə xidmət edir.

Şahbuz rayonunda fermerlər ötən ilin payızında cari ilin məhsulu üçün 1408, 2018-ci ilin yazında isə 207 hektar sahədə taxıl əkiblər. Taxıl zəmiləri vaxtında suvarılıb, gübrələnib, bütün aqrotexniki tədbirlərə əməl olunub. Çəkilən zəhmət hədər getməyib. Sahələrdə bol məhsul yetişməsi torpaq mülkiyyətçilərində böyük sevinc, ruh yüksəkliyi yaradıb. Taxılçılar 4432 ton məhsul tədarük ediblər. Yüksək məhsuldarlığı əsasən rayonun Ayrınc, Mahmudoba, Türkeş, Sələsüz kənd taxılçıları əldə ediblər. Məhsuldarlıq həm də kənd əməkçilərinin səyi və əziyyəti hesabına ötən illərdən çox olub.

Tonlarla məhsul istehsal edən rayon taxılçıları hazırda payızlıq taxıl əkinini həyata keçirmək üçün sahələrdə şum qaldırırlar. Payız şumuna başlayan taxılçılar artıq 502 hektar sahədə bu işi başa çatdırıblar. Şumlama davam edir. Şumlanan sahələrin 15 hektarında səpin aparılıb. Bunun da 5 hektarı Şahbuz şəhər, 4 hektarı Sələsüz, 3 hektarı Türkeş, 3 hektarı isə Mahmudoba kəndinin payına düşüb.

Rayonumuzun kənd adamları təkcə taxıl əkini ilə kifayətlənmirlər. Dağ kəndlərində sututarlarda əkilən dirrik sahələrindən rayon üzrə nəzərdə tutulduğundan artıq tərəvəz məhsulları əldə olunur. Elə bu səbəbdəndir ki, cari ildə şahbuzlular 288 hektar sahəni tərəvəz üçün ayırıb və yetişdirilmiş məhsulu bazarlara çıxarmaqla xeyli gəlir əldə ediblər.

İkinci  çörək sayılan kartof əkini istehsalının da artımına nail olunub. Bu il 435 hektar sahədə kartof əkilib. Rayonun Kolanı, Ağbulaq, Gömür, Aşağı Qışlaq, Külüs, Yuxarı Qışlaq, Nursu, Keçili, Kükü və başqa yaşayış məntəqələrində kartof əkininə daha çox önəm verilib. Ümumilikdə isə sahələrdən 4632 ton məhsul yığımına nail olunub. Torpaq mülkiyyətçiləri həm də bu təsərrüfat ilində 10 hektar sahədə ərzaq üçün bostan məhsulları əkiblər. Bu da əvvəlki illərlə müqayisədə daha çox məhsul istehsalı deməkdir.

Rayonumuzun kəndlərində dənli-paxlalı bitkilərin əkilməsi məqsədəuyğun sayıldığından torpaq mülkiyyətçiləri taxılçılıqla, kartofçuluqla yanaşı, bu bitkilərin əkilməsinə də maraq göstərirlər. Bu il erkən yazdan 1829 hektar dənli və dənli-paxlalı bitkilərin əkini həyata keçirilib və sahələrdən 5086  ton məhsul yığılıb.

Deməli, torpağa əkilən hər bir toxum dənəsi insan zəhməti ilə boy atıb, məhsul verəndə, o, böyük vəsaitə çevrilir. Zəhmət adamının yaşamını, maddi-rifah halını gücləndirir.  Ümumilikdə, rayon əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsinə geniş imkanlar açır.

Rayonda taxılçılıqla məşğul olanlar deyirlər  ki, gərək torpaq adamı ona əyilə. Ondan  dolanan insan torpağın “dilini” bilə. Torpaq da insan kimidir. Hər yerin torpağı bir xasiyyətdə olmur. Kəndin, elin, obanın iqliminə, coğrafi mövqeyinə, suyuna və havasına da uyğun torpağı olur. Torpaq var şorandı, torpaq da var bir dənə toxumdan  nələr bar verir. Bir əkib, min götürmək istəyən əkinçi harada nə əkdiyini, torpağın əkilən  toxumu yetirmək, bitirmək “həvəsinin” olub-olmadığını bilsin gərək.  Rayonumuzda uzun illər torpağın dilini bilib, onun xüsusiyyətlərini öyrənib, sonra əkən  ağsaqqallar belə nağıl edirlər ki, bu rayonda hər kənddə eyni bitkini əkmək olmaz. Hər kəndin torpağının nəyə qadir olduğunu verdiyi məhsulla təyin etmək olar. Əkinçinin torpağın “istəyini” öyrənib, sonra uyğun olanı əkməsi gərəkdir. Ta qədimlərdən də ağsaqqalların  məsləhət verdiyini  əkin zamanı  cavanlar həyata keçirərdilər. Ona görə də mən  dədə-baba qaydalarına uyğun əkirəm, biçirəm ki, torpağa axıtdığım zər damcıları hədər getməsin.

“Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: