Sevindirici haldır ki, 2018-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada makroiqtisadi siyasət milli iqtisadi prioritetlərə köklənərək daha da məhsuldar olub. Bunun nəticəsində də 2018-ci ilin yanvar-sentyabr aylarında ümumi daxili məhsul istehsalı 2 milyard 5 milyon 227 min 500 manat təşkil edib. Təbii ki, bu muxtar respublikada iqtisadi artımı şərtləndirən çox mühüm amildir.
İqtisadiyyat inkişaf etdikcə, sosial sahədəki təminatların daha səmərəli mexanizmlərini özündə əks etdirdikcə, əhalinin artan təlabatları qarşısında daha da mütərəqqi potensial formalaşdırdıqca bu, özünü rifah göstəricilərinin də artmasında göstərməkdədir. Fikrimizi ÜDM-nin hər bir nəfərə düşən həcminə aid etsək bunu açıq şəkildə görə bilərik. Belə ki, bu göstərici sosiallaşan iqtisadiyyatın çox mühüm ifadəsi olmaqla, ötən dövrdə 4417 manat təşkil edib.
Ölkəmizdə yeni iqtisadi hədəflər baxımından aktuallığını artıran növbəti amil sənayeləşmə siyasətinin uğurla davam etdirilməsindən ibarətdir ki, bu da regionların aqrar sektorla yanaşı sənaye əhəmiyyətliliyinin də güclü olduğunu ortaya çıxaran zəruri göstəriciyə çevrildi. Artıq müxtəlif regionlarda Sənaye Parklarının yaradılması və bu sahədəki potensialın səfərbər edilməsi, eləcə də bu sahə ilə bağlı digər təsisatların yaradılması muxtar respublikanın da iqtisadiyyatına əlavə güc qatmışdır. Aqrar bölgə olmasına baxmayaraq, iqtisadiyyatın sənaye əhəmiyyətliliyinin artırılması burada strateji hədəflərə doğru mühüm addıma çevrilməkdədir. 450-yə yaxın sənaye müəssisəsinin fəaliyyət göstərdiyi muxtar respublikada sənaye sahəsində möhtəşəm infrastruktur potensialının yaradılmasına stimul vermişdir. Elə bunun da nəticəsində cari ilin yanvar-sentyabr aylarında muxtar respublikada 800 milyon 260 min 400 manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da sənayeləşmə siyasətinin səmərəliliyində yeni-yeni uğurlu səhifələr açmaqdadır.
Muxtar respublikada iqtisadiyyatın əsas və aparıcı sahələrindən birini də kənd təsərrüfatı təşkil etməkdədir. Strateji əhəmiyyətə malik məhsul istehsalının, ərzaq təhlükəsizliyinin, xammal ehtiyatlarının, məskunlaşmanın, regional inkişafın, əmək ehtiyatlarından səmərəli istifadənin, səmərəli məşğulluğun və digər bu kimi amillərin məcmusu olaraq kənd təsərrüfatı hərəkətverici təsirə məlikdir. Həmin sahənin hüquqi və iqtisadi tənzimlənmə mexanizmlərinin nəticəsində muxtar respublikada kənd təsərrüfatı sahəsində məhsul istehsalçıları zəruri texnika və avandanlıqlarla təmin edilib. Bu da, kəndlərin iqtisadi cəhətdən inkişaf etməsinə hərəkətverici təsir göstərib. Kənd təsərrüfatı sahəsində ixtisaslaşmanın həyata keçirilməsi, ailə təsərrüfatlarının yaradılması və fəaliyyətinin stimullaşdırılması, özünüməşğulluq imkanlarının artırılması, istehsal və xidmət sahələrinin davamlı perspektivlərinin təmin edilməsi məhz muxtar respublikanın mövcud iqtisadi inkişafının və sosial dayanıqlığının çox mühüm göstəriciləri olaraq ifadə edilməlidir. Qeyd edək ki, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 319-u 2018-ci ilin yanvar-sentyabr aylarında olmaqla, cəmi 2373 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilib. Məhz 2018-ci ilin 9 ayında 215 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə məhsul istehsalçılarına verilib, 45-i nağd yolla satılıb. Bəhs edilən dövrdə məhsul istehsalçıları 5082,5 ton mineral gübrə ilə təmin olunub. Bütün bu qeyd edilən tədbirlər muxtar respublikada kənd təsərrüfatını sosial-iqtisadi inkişafın təkanverici qüvvəsinə çevirib, müvafiq sahədə mühüm potensial formalaşdırılıb. Məhz bunlar 2018-ci ilin yanvar-sentyabr aylarında 352 milyon 466 min manatlıq kənd təsərrüfatı məhsulunun istehsal olunmasına səbəb olub. Artıq Naxçıvan Muxtar Respublikası:
- öz iqtisadi potensialını qurub, bununla da milli iqtisadi quruculuq proseslərindəki rolunu daha da sürətləndirib;
- regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasında səmərəlilliyi ilə seçilməkdədir. Bu, regional fərqlərin aradan qaldırılmasına yönəldilən mühüm amilə çevrilib;
- iqtisadi idarəetmənin çevik mexanizmlərinin ortaya qoyulması ilə daha mütərəqqi nəticələr əldə etməkdədir;
- iqtisadiyyatın sahə strukturunun müəyyən edilən hədəflərə istiqamətlənməsi təmin edilib;
- makroiqtisadi göstəricilərin dinamik artımı özünün məhsuldarlığı ilə seçilməkdədir və s.
Bütün bu qeyd edilənlərin nəticəsidir ki, artıq bu gün muxtar respublikada 382 növdə məhsul istehsal olunur. Bu məhsulların 126 növü ərzaq, 256 növü qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilib. Qeyd edək ki, ərzaq məhsullarının 86 faizini, qeyri-ərzaq məhsullarının 95 faizə yaxınını, ümumi növlər üzrə məhsulların isə 92 faizini məhz yerli imkanlar təşkil etməkdədir.
Bunlar bir tərəfdən muxtar respublikada mövcud iqtisadi potensialı göstərirsə, digər tərəfdən, məşğulluq sahəsindəki səmərəliliyi ifadə etməkdədir. Bütün hallarda isə müvafiq istiqamətlər üzrə dövlət tənzimlənməsinin məhsuldarlığını əks etdirməkdədir. Xüsusən də, bu sahədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın çox mühüm əhəmiyyətini qeyd etmək lazımdır. Nəticə etibarı ilə cari ilin yanvar-sentyabr aylarında muxtar respublikada 2024 yeni iş yeri yaradılıb ki, bunun da 1989-u və ya 98,3 faizi daimi iş yerləridir.
Təbii ki, əhalinin məşğulluq səviyyəsinin və imkanlarının artması, özünü bütün tərəfləri ilə yanaşı, həm də onların alıcılıq qabiliyyətliliyinin yüksəldilməsində də göstərməkdədir. Bunun nəticəsi olaraq əhalinin istehlak malları ilə etibarlı təminatı sahəsindəki potensialın artmasını qeyd edə bilərik. Belə ki, 2018-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikanın istehlak bazarında əhaliyə 1 milyard 443 milyon 737 min 500 manat dəyərində istehlak malları satılıb və ödənişli xidmətlər göstərilib.
Əhalinin təlabatının dolğun qarşılanması, onların rifah göstəricilərinin artan miqyasda təşəkkülü, daxili təlabatın yerli istehsal hesabına ödənilməsi sahəsindəki göstəricilərin də artan dinamikasını təmin edə bilib. Bu isə muxtar respublika iqtisadiyyatının idxaldan asılılığını minimuma endirən ən zəruri amillərin tərkib hissələrindədir. Təsadüfi deyildir ki, artıq 2009-cu ildən etibarən muxtar respublika iqtisadiyyatında xarici ticarət keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və ixrac əməliyyatları idxalı üstələyib.
Nəticədə isə müsbət saldo yaranıb. Fikrimizi rəqəmlərin dili ilə ifadə etsək aydın olar ki, 2018-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 344 milyon 334 min 800 ABŞ dolları təşkil edib. Xarici ticarət dövriyyəsinin 306 milyon 639 min 400 ABŞ dollarını ixrac, 37 milyon 695 min 400 ABŞ dollarını idxal təşkil edib və 268 milyon 944 min ABŞ dolları dəyərində müsbət saldo yaranıb. Hesablamalar göstərir ki, ixrac ümumi ticarət dövriyyəsinin 90 faizə yaxınını təşkil etməkdədir. Bu potensialda idxalın həcmi isə 11 fazidən də aşağı düşüb. Qeyd edək ki, yaranmış müsbət saldo ümumi ticarət dövriyyəsinin 78 faizdən artığını təşkil etməkdədir.
İqtisadiyyatın aparıcı sahələrinin sürətli inkişafı həmin sahələrdə təlabata uyğun məhsul istehsalını tamamilə stimullaşdırıb ki, bu da onların ixrac imkanlarını artırmaqdadır. Belə ki, sənayedə istehsalın həcminin artması nəticəsində cari ilin yanvar-sentyabr aylarında 220 milyon 855 min 100 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunub. Bu göstərici bəhs edilən dövr üzrə muxtar respublikadan 85 milyon 784 min 300 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunması ilə daha da möhtəşəmlik qazanmaqdadır.
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında turizm infrastrukturunun daha da yaxşılaşdırılması onun geniş imkanlarnı göstərir. Ötən dövrlər ərzində muxtar respublikada turizm səfərlərinin təşkili, çoxməqsədli turizm perpsketivlərinin güclənməsini daha da sürətləndirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası və bu sahədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi görülən işlərin davamlılığının təmin edilməsinə geniş imkanlar yaratmaqdadır. Qeyd edək ki, bütün bu kimi tədbirlərin nəticəsində 2018-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən ümumilikdə 333 min 745 turist gəlib. Bu da 2017-ci ilin müvafiq dövründəki göstəricidən artıqdır. Bu göstərici 1995-ci il üzrə olan 38,6 min nəfərlik turist sayından 9 dəfəyə yaxın çoxdur.
Beləliklə, Naxçıvan Muxtar Respublikasının cari ilin yanvar-sentyabr ayları üzrə sosial-iqtisadi inkişafı da çox böyük uğurlarla yadda qaldı. Bu muxtar respublikanın mövcud potensialının daha da gücləndirilməsi ilə yanaşı, həm də milli iqtisadiyyatın perspektivləri baxımından da çox böyük əhəmiyyətə malikdir. Təbii ki, bu, qarşıdakı dövrlər üzrə daha böyük inkişaf səhifələrini açacaqdır.
Cavadxan Qasımov
İqtisad üzrə fəlsəfə doktoru, dosent