İnsanların vərdişləri həyatını mənfi və ya müsbət istiqamətdə yönləndirir. Məhz buna görə də uşaqlarımızın təlim-tərbiyə prosesində onlara yaxşı vərdişlər aşılamalıyıq. Uşaqlara daha kiçik yaşlardan öyrədilməsi labüd olan vərdişlərdən biri də qənaətcillikdi. Qənaətcillik uşağa ilk olaraq nəfsini tərbiyə etməyi öyrədir. Uşaqlar qənaətçilliyi öyrənərək satın alınacağı məhsulun ehtiyacmı istəkmi olduğunu ayırd edə bilir. Uşaqlara ehtiyaclarını qısmadan, amma var olanı mümkün qədər ziyansız istifadə etməyin öyrədilməsi qənaətcilliyin əsas prinsipidir.
Qənaətcillik şüurunun uşaqlarda formalaşması üçün qeyd edəcəyimiz davranışları aşılamaq lazımdı. İlk olaraq uşağa çox elektrik istifadəsinin elektrik ödəmə qəbzinə yazılacağı izah olunmalıdır. Bunun ailə büdcəsinə mənfi təsir edəcəyi başasa salınmalı, boş yerə yanan işıqların, kompüterin, televizorun və bu kimi elektrik avadanlıqlarının müəyyən fasilələrlə istifadə oluna biləcəyi söylənməlidir.
Vanna otağında və ya mətbəxdə suyu axan borunu tezliklə təmir etmək və uşağa bunun böyük miqdarda su israfının qarşısını aldığını izah etmək lazımdır. Bunu isə axşamdan sızan borunun altına hər hansı bir qabı qoyaraq və toplanan suyun miqdarının göstərərək sübut edə bilərik.
Çörək alarkən də istifadə olacaq qədər alınmalıdır. Əgər çörəkdən artıq qalarsa bununla başqa qida məhsulları hazırlana biləcəyi göstərilməlidir. Məsələn, suxari, yumurtalı çörək, çörək deserti və s. Uşaqla birlikdə alış-verişə getmək, qənaətcilliyi öyrətmənin ən yaxşı yollarından biridir. Alış-veriş zamanı hansı məhsulu hansı ehtiyac üçün aldığınızı uşağa söyləyə bilərsiniz.
Məktəbə gedən uşağa həftəlik xərclik pulu verib, pulu harada və necə istifadə ediləcəyi öyrədilə bilər. Uşaq sınayaraq 5 gün içində puldan necə istifadə edəcəyini öyrənəcək. Daha yaxşı olar ki, uşaqla birlikdə ona bir pul daxılı alın. Verdiyiniz cib xərcliyi üçün pulunun qalığının bura yığmasını istəyin. Toplanan pul ilə ona istədiyi hər hansı bir oyuncağı satın ala biləcəyini bilməsi onu pul toplamağa, qənaət etməyə həvəsləndirəcək.
Uşağa qənaəti öyrədərkən formalaşdırılması lazım olan düşüncə “buna ehtiyacımız yoxdur, bunu alarsaq boş yerə pul xərcləmiş olarıq, əsas ehtiyacımız olanları almalıyıq” şəklində olmalıdır. Uşağa sadəcə “pulumuz yoxdur” demək doğru davranış deyil.
Alış-verişə getmədən öncə uşağınızdan evin ehtiyacı olan məhsulların siyahısını tutmasını istəyin. Bu yolla hansı məhsulun hansı ehtiyacı ödədiyini öyrənəcək. Qənaətetmə şüurunun aşılanması üçün valideyn sabit davranış göstərməlidir. Yəni valideynin söylədikləri ilə davranışları bir-birini tamamlamalıdır. Əgər valideyn ehtiyacdan artıq meyvə tərəvəz alırsa, sonra istifadə etmədiyi üçün xarab edib atırsa, bunu görən uşaqda qənaətcilliyi formalaşdırmaq çətin olacaq. Bundan başqa valideynin niyə işə getdiyini, ehtiyacların ödənilməsi üçün pul qazanmağın lazım olduğunu uşaq bilməlidir.
Bütün bunları edərkən qənaətcillik vərdişinin aşılanmasının bir neçə günə sığışdırmaq deyil, geniş zamana hesablamaq və təkrarlamaq lazımdır. Bu üsul vərdişin qalıcı olmasına müsbət təsir edəcək. Dəyərli valideynlər, uşaqlarınızda hər hansı müsbət davranışı formalaşdırmağa çalışarkən, ilk olaraq körpəniz o davranışı əyani olaraq sizdə görməlidir. Çünki uşaqlar valideynlərindən eşitdikləri məsləhətlərdən çox gözləri ilə gördükləri davranışları həyatlarında tətbiq edirlər.
Günay Hüseynquliyeva Uşaq pedaqoqu