Ötən illərdə işimlə bağlı tez-tez ucqar dağ kəndlərimizdə olarkən hələ də yad kişilərdən yaşmaqlanan analarımızı, nənələrimizi görəndə istər-istəməz uşaqlıq çağlarıma qayıdır, o zamanlar mənim üçün maraqlı, həm də sual dolu anları yenidən xəyalımda canlandırırdım: görəsən qadınlar üzlərini niyə örtürlər? Bu sualı vaxtilə dəfələrlə nənəmə vermişdim. Nənəm cavabında deyərdi ki, yaşmaq üzün “pərdəsidir”, qadın yad kişilərə görünməz, onların yanında danışmaz, məcburən danışanda isə üzünün bir qismini örtər ki, tamamilə görünməsin. Mənsə ona yeni bir sual verərdim, ay nənə, bəs atam yad kişi deyil axı, sən onu görəndə niyə yaşmaqlanırsan? Nənəmsə mənim bu sualıma həmişə sadəcə təbəssüm edər, cavab verməzdi. Sonralar böyüdükcə dərk etdim ki, yaşmaq böyük bir ismətin, həyanın, abırın nişanəsi imiş. Yaşmaq əsrlərlə, qərinələrlə yalnız azərbaycanlı qadına məxsusluğun göstəricisi, onun bənzərsiz xarakterini açan başlıca amil, həqiqətən sözün belə ifadə etməyə gücü çatmadığı gözəl keyfiyyət imiş. Qadınlarımızın, gızlarımızın ismətinin yad kişilərdən, hətta qayınatadan, qayından, böyük qardaşdan, bəzən doğma övladlarından belə saxlanc yeri imiş. Elə gözümüzlə gördüklərimizdən və eşitdiklərimizdən bu qənaətə gəlmək olur ki, bəzi mənbəələrdə yaşmaq sözünün mənasının yad kişilərdən qorunmaq kimi açıqlanması heç də bu sözün mahiyyətini tamamilə əhatə etməyib. Çünki qayınata, qayın, əmi-dayı oğlanları bizdə yad kişi hesab olunmayıb. Bəs qardaşından, oğlundan yaşmaqlanan qadınlarımız? Belə isə yaşmaq sözünü yad kişilərdən qorunmaqla yanaşı, həyadan, abırdan, utancaqlıqdan böyüklərdən, yaxın qohumlardan, hətta oğlundan üz gizlətmək kimi mənalarla da əlaqələndirmək daha düzgün olardı.
Yaşmaqdan söhbət düşəndə hər zaman “Dədə Qorqud” dastanındakı Qazılıq dağı da xatırlanır. Tarixi mənbələrdə göstərilir ki, Qazılıq dağı dedikdə, dastanlarda həm böyük Qafqaz, həm də Kiçik Qafqaz nəzərdə tutulur. Hətta çox vaxt qızlar və gəlinlər üzlərini o dağa çevirəndə, ağzına yaşmaq tutardılar. Və bu da qədim türklərdə dağ kultunun olması, dağa inancla bağlı hadisədir. Hətta Avropa qaynaqlarında belə Qafqaza Qazılıq dağları deyiblər. Buradan belə bir qənaətə gəlmək olur ki, qafqazlı qadınların böyük, ata sanıb hörmət əlaməti olaraq o səmtə yaşmaqsız baxmamaları zaman-zaman onların gündəlik həyatlarına da sirayət edib, ata, qayınata və digər kişilərdən yaşmaqlanmalarına səbəb olub.
Azərbaycan qadınlarının bu yüksək keyfiyyəti zaman-zaman şair və yazıçılarımızın əsərlərində də yer alıb. Qasımbəy Zakir,
Sal ağızdan yaşmaq, şəkkər dəhanın,
Şirin-şirin danışmağı görünsün,
Molla Cümə,
Çəkibən yaşmağı, üzünü örtmə,
Sinəmin üstünə dağ qoyan dilbər!
Səməd Vurğun isə,
Üzündə son bahar, ağzında yaşmaq,
Sənin gözəlliyin solğun görünür, kimi misralarında Azərbaycan qadınının pünhan gözəlliyini vurğulayaraq yaşmaq ifadəsindən bədii təsvir vasitəsi kimi istifadə ediblər. Əbülhəsən Ələkbərzadənin “Arvadlar bir az geri çəkilmiş, yaşmaq tutmuşdular, cavanların ancaq gözləri güclə görsənirdi”, Süleyman Rəhimovun “Alov artır, qaranlıq qamçılanır, günəş nazla yaşmağını qaldırır və Rüxsarənin üzünə gülümsəyirdi” cümlələrini oxuduğumuz əsərlərində yaşmağın həmin dövr qadınlarının ümumi ab-havasını əks etdirdiyini öyrənirik.
Elə indi də belə qadınlarımız var. Şahbuz rayonunun Aşağı Qışlaq kəndindən Sədaqət, Zeynəb, Fatma, Yuxarı Qışlaqdan Səmənnaz, Validə, Biçənəkdın Qeysin, Küküdən Leylan, Gövhər, Sənubər, Ağbulaqdan Leylan, Əfruz nənə kimi qadınlarımızla bu barədə maraqlı söhbətlərim olub. Onların hər birindən müasir dövrümüzdə-yaşmaq tutulmayan bir vaxtda yaşmaqlanmalarının səbəbini də soruşmuşam.
Hər biri də bunu qədim adət-ənənə və qadınların ismət ilə izah edirlər.
Aşağı Qışlaqlı 70 yaşlı Sədaqət nənə qeyd edir ki, keçmişdə gəlin köçəndə başına yaylıq salardılar, üzü tamamilə örtülərdi. Sonralar indi istifadə olunan fata dəbə düşdü. Fata da əvvəllər qalın güpür parçalardan hazırlanırdı, bir tərəfi ilə üz örtülürdü. Daha sonralar parça nazikləşdirildi, üz göründü. Müasir gəlinlərimizin çoxu isə heç üzlərini örtmürlər. İndi müasir dövrdür, bunu indi yaşmaq tutanlar da yaxşı bilirlər. Bizim övladlarımız nə yaylıq örtürlər, nə də yaşmaqlanırlar. Lakin bu o demək deyil ki, müasirləşdikcə özümüzdən uzaqlaşaq. Bizim elə bir keçmişimiz olub ki, çoxları bu həyat tərzinə qibtə ediblər. Gənc qızlarımız, gəlinlərimiz geyim-keçimlərinə fikir verməlidirlər.
Ağbirçək analarımızın maraqlı söhbətlərini, dəyərli tövsiyələrini dinlədikcə düşünürəm ki, gəncliyimiz daim nəzarətimiz altında olmalıdır. Onlara bilmədiklərini biz analar öyrətməli, yaxşılarımızı onlara əxz etdirməliyik. Dünya, yaşadığımız cəmiyyət isə gündən-günə müasirləşir və hər birimiz də bilirik ki, bu müsirləşmə həyatımızdan yan keçmir, bəzi dəyişikləri bizim üçün qarşısıalınmaz edir. Ancaq onu da unutmaq olmaz ki, bir ömür üzünü halalından başqa kimsənin görmədiyi qadınlar, atadan, qayınatadan qardaşdan, yaxından, qohumdan yaşmaqlanan gəlinlər bizim nənələrimiz, analarımız olublar. Onlar bizə əslində üzü gizlətmək üçün yaşmaqlanmaq kimi davranışı deyil, ismət adlı həya nümunəsini yadigar qoyublar. Onu qorumaq isə hər bir azərbaycanlı qadının borcudur !
Mətanət MƏMMƏDOVA