Xərçəng xəstəliyinin müalicəsində kök hüceyrələri texnologiyalarının böyük rolu olacaq

A- A A+

Bir sıra inkişaf etmiş ölkələrdə kök hüceyrələri ilə bağlı aparılan araşdırmalar, bu sahədə tətbiq olunan müasir texnologiyalar tibb sahəsində bir çox yeniliklərə səbəb olub. Mütəxəssislərin fikrincə, bu sahə inkişaf etdirilərsə, laboratoriya şəraitində yeni orqanların hazırlanması, sağalması çətin olan xəstəliklərin müalicəsi mümkün olacaq. Bəzi ölkələrin qanunvericiliyində embrional tədqiqatlar qadağan edilsə də, bəzilərində buna icazə verilir.

NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Tibb Universitetinə (ATU) istinadla bildirir ki, universitetin Sitologiya, embriologiya, histologiya kafedrasının müdiri, professor Eldar Qasımov bütün tədqiqatların hüceyrədən başladığını deyib: “Canlı həyatın varlığının əsası hüceyrədir. Məşhur alman alimi Rudolf Virxov bu sahədə çox böyük elmi tədqiqatlar aparıb. Onun ümumi qəbul olunmuş bir fikri var ki, “həyatı hüceyrədən kənarda axtarmaq ağılsızlıqdır”.

Professor, bu sahədə aparılan tədqiqat işlərinin nəticələrinə əsaslanaraq, hüceyrənin tərkib elementlərinin ayrı-ayrı strukturlarına, onların bir-birləri ilə qarşılıqlı əlaqələri haqqında əldə olunan məlumatlara yenidən baxılması zərurətinin yarandığını qeyd edib: “Aparılan araşdırmalar onu göstərib ki, Çernobıl hadisələri zamanı ən çox şüalanmaya məruz qalan kök hüceyrələri olub. Bu səbəbdən insanlarda qanyaranma problemi meydana gəldiyindən onların əksəriyyəti dünyasını dəyişib. Təsəvvür edin, həmin insanların yaxın qohumlarının döş sümüyündən götürülən 5 milli hissə qırmızı sümük iliyinə əlavə edilsəydi, 10-12 günə onlarda qan yaranmasında heç bir problem olmazdı”.

Kafedra müdiri kök hüceyrələrinin tətbiq olunduğu tibb sahələrindən söhbət açıb. Stomatoloji və digər sahələrdə əldə edilən uğur və yeniliklərə də toxunub: “Bəzi müəlliflər dişlərin əmələ gəlməsində hər şeyi yaratdıqlarını açıqlayıblar. Lakin diş kökünü əmələ gətirə bilmədikləri üçün həmin dişlər funksional əhəmiyyət daşımırdı. Amma son vaxtlar buna da nail olublar.

Artıq bu sahədə elmi nailiyyətlər o qədər irəli gedib ki, xüsusi proqramlarla induksiya edilən kök hüceyrələrini çapıq nahiyəsinə yeridərək orada funksional ürək hüceyrələrini də əmələ gətirmək mümkün olub”.

ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayevin sözlərinə görə isə, yeni kök hüceyrə texnologiyaları və yeni genetik molekulyar tədqiqatlar müasir tibbin təməlini təşkil edir: “Kök hüceyrələrindən orqanların yaranması mümkün məsələdir. Hüceyrədən toxuma və orqan əmələ gəlir. Klinikada tətbiq olunmasa da, artıq kök hüceyrəsindən ürəyin və ürək əzələsinin alınması mümkün olub.

Əminliklə deyə bilərəm ki, xərçəng xəstəliyinin, onun inkişafının aradan qaldırılmasında kök hüceyrələri texnologiyalarının böyük rolu olacaq. Belə ki, bu xəstəliklərdə orqan transplantasiyası mühüm yer tutduğundan, donor problemi də aradan qalxacaq”.

Dosent bəzi ölkələrdə kök hüceyrələri ilə bağlı kafedraların və departamentlərin fəaliyyət göstərdiyini də qeyd edib. Lakin bunun bizim təhsil sistemimizdə proqramlara daxil edilməməsindən təəssüf hissi keçirdiyini gizlətməyib: “Ölkəmizdə hazırda kök hüceyrələri ilə bağlı elmi tədqiqatlar Genetik Ehtiyatlar, Molekulyar Biologiya və Biotexnologiyalar institutları və o cümlədən Səhiyyə Nazirliyinin müvafiq qurumlarında aparılır”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: