İşğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) apardığı əməliyyatların genişləndirilməsi, maddi-texniki bazanın və potensialın artırılması istiqamətində işlər davam etdirilir.
ANAMA-dan NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, Marşal İrsi İnstitutu ilə agentlik arasında imzalanmış anlaşma memorandumuna əsasən daha beş Malinua cinsli minaaxtaran it agentliyə təhvil verilib.
Xüsusi hazırlıq keçmiş minaaxtaran itlər öz bələdçiləri ilə uyğunlaşma təlimindən və beynəlxalq minatəmizləmə standartlarına uyğun akkreditasiyadan keçirildikdən sonra Qarabağda minatəmizləmə əməliyyatlarına cəlb olunacaq.
Qeyd edək ki, minaaxtaran itlərin mərhələli şəkildə ölkəyə gətirilməsi “Silk Way West Airlines” şirkəti tərəfindən təmənnasız olaraq həyata keçirilir.