Oktyabrın 29-nu Dünya İnsultla Mübarizə Günüdür

A- A A+
Dünya Səhiyyə Təşkilatı (DST) hər il oktyabrın 29-nu Dünya İnsultla Mübarizə Günü kimi qeyd edir. Bu günün yaranma tarixi 2004-cü ildən başlayır. Belə ki, bu il DST insultu qlobal epidemiya elan edir və 2006-cı ildə İnsultla Mübarizə Dünya Təşkilatı yaradılır. Builki İnsult Günü “Biz insultdan güclüyük” süarı altında keçirilir. NUHÇIXAN xəbər verir ki, DST-nin məlumatına görə, hər il Yer kürəsində təxminən 16 milyon nəfərdə insult baş verir və onların 6,7 milyonu ölümlə nəticələnir. DST-nin son hesablamalarına əsasən ümumi dünya əhalisi arasında 20 il sonra insult riskinin 30-35 faiz azalacağı bildirilsə də, yaşlı insanların sayının artması ilə əlaqədar ahılların bu xəstəliklə qarşılaşma riski 11 faiz artacaq. Adətən bu xəstəliyə tutulanların üçdə biri həyatını itirir, qalanları isə əlil olur. Lakin bununla belə insultun qarşısını almaq və xəstələrə yardım etmək mümkündür. Əsas məsələ xəstəyə ilk 3-4 saat ərzində müdaxilə etməkdir. İnsult əlamətləri çox sadədir: danışıq anlaqsız olur, güləndə ağız küncləri aşağı düşür, koordinasiyası pozulur, ətraflarından biri zəifləyir. Bu, təcili yardım çağırmaq üçün yetərlidir. İnsult riskinin olub-olmadığını öyrənmək üçün mürəkkəb tədqiqatlara ehtiyac yoxdur. Bunun üçün sadəcə yuxu arteriyalarının ultrasəs müayinəsini aparmaq lazımdır. Xəstəliyin yaranma riskini artıran üç əsas amil-hipertoniya, yüksək xolesterin və artıq çəkidir. Həkimlərin qənaətinə görə, insult xəstəliyinə qadınlarla müqayisədə kişilərdə daha çox rast gəlinir. İnsult keçirmə riski 55 yaşdan böyük olanlarda iki dəfə artır. Lakin onu da qeyd edək ki, səhhətinə biganə qalmayan hər kəs sadə profilaktik tədbirlərlə 80 faiz hallarda bu xəstəlikdən qoruna bilər. Problemin qarşısını almaq üçün əsas profilaktik tədbir təzyiqi nəzarətdə saxlamaq, normal qidalanmaq, aktiv həyat tərzi sürmək və zərərli vərdişlərdən uzaq olmaqdır. Vaxtlı-vaxtında həkim müayinəsindən keçmək də vacib şərtlərdəndir. Mütəmadi olaraq açıq havada gəzmək, orta sürətlə gündə heç olmasa yarım saat yerimək insanın fiziki qabiliyyətini artırmaqla yanaşı insult riskini də azaldır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: