Türkiyəli turistlərin Naxçıvan sevgisi - FOTOLAR
Bu yay Naxçıvanda olan türkiyəli turistlər muxtar respublika ilə bağlı təəssüratlarını sosial şəbəkərlərə paylaşmaqda davam edirlər. İlk baxışdan heyran olduqları Naxçıvanın coğrafiyası, tarixi, mədəni abidələri və turizm obyektləri ilə bağlı fotolar və fikirlərini qeyd edən qonaqlar öz dostları və həmvətələrinə də buranı görməyi tövsiyyə edirlər. Türkiyəli turist Müjgan Ünal gezerdoner.com saytında bir neçə gün Naxçıvanda qaldığını, buranın insanları, sosial həyatı və turizm obyektləri haqqında ətraflı məlumat verir. Nuhun ilk dəfə quruya çıxdığı yer olduğu üçün Naxçıvan sözünün kökündə Nuhçıxan –Nuhun çıxdığı yer mənasında olduğunu vurğulayır. Naxçıvanın muxtariyyət tarixi, hazırkı sərhədləri buradakı əhalinin türkdilli olması, 35 yaşdan yuxarı vətəndaşların rus dilini bilməsi, insanlarının çox mehriban, qonaqpərvər olmasından bəhs edir. Küçələrin genişliyi, binaların möhtəşəmliyi, mükəmməl təmizlik, şəhərsalmada hər şeyin yerində olduğu, yol hərəkət qaydalarına ciddi riayət edilməsi, muzeylərin zənginliyi Müjgan Ünalı valeh edib. Naxçıvanda ucaldılan heykəllər, türk dünyasına məxsus olan Dədə Qorqud, Koroğlu kimi qəhrəmanlara Naxçıvanın sahib çıxması da turistin diqqətindən yayınmayıb. Qonaq daha çox Duzdağ xəstəxanasında sanki sehrli aləmə düşdüyünü etiraf edir. Müalicəxananın fəaliyyəti, iş prinsipi, müalicə olunan xəstəliklər haqda da məlumat verir. Bura gələn xəstələrin coğrafiyasını keçmiş SSRİ və qonşu ölkələrdən gələnlər əhatə edir. Əshabi-Kəhf ziyarətgahı, Möminə Xatun türbəsi və Naxçıvanın zəngin mətbəxi bu geniş yazıda öz əksini tapıb.
Fatih Gözdə Ağırkaya adlı instagram istifadəçisi öz səhifəsində Naxçıvanla bağlı fotolar yerləşdirib. Ailəsi ilə Əshabi-Kəhf ziyarətgahını gəzən türkiyəli turist buradakı maraqlı görüntüləri izləyiciləri ilə paylaşıb.
Aynur Açıqgöz adlı digər instagram istifadəçisi də Naxçıvana heyranlığını gizlədə bilmir. “Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvandayıq. Bura Türkiyənin İğdır vilayəti ilə sərhəd olan muxtar respublikadır. Naxçıvandan Türkiyədəki Ağrıdağının nəhəngliyini görə bilərsiniz. Eyni dili danışırıq və sadəcə ləhcə fərqimiz var. Çox istiqanlı və qonaqpərvər insanları var. Naxçıvan camaatı Türkiyə ilə dostdur və türkləri çox sevirlər. Təbii ki, biz də onları çox sevirik”- deyə yazır. Xanım istifadəçi Naxçıvan Avtovağzalı, Əshabi-Kəhf ziyarətgahı, Əlincəqala ərazisindən, Duzdağdan, Nuhun məzarüstü türbəsidən, Naxçıvan şəhərinin müxtəlif yerlərindən videogörüntülər və fotoşəkillər də paylaşıb.