NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə bağlı verilən sərəncama uyğun olaraq Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələri Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzində olublar.
Görüşdə vurğulanıb ki, mərkəz 1953-cü ildən “Gənc texniklər stansiyası” adı ilə fəaliyyət göstərib, 1991-ci ildə adı dəyişdirilərək “Naxçıvan Şəhər Texniki Yaradıcılıq Mərkəzi” adlandırılıb. Mərkəz muxtar respublikamızda xüsusi istedada malik şagirdlərin bacarıqlarının aşkara çıxarılması istiqamətində mühüm işlər görür. On bir otaqdan ibarət olan mərkəzdə kağız əl işləri, əyləncəli fizika, dizayn, ağac üzərində oyma, təsviri estetika, ibtidai texniki modernləşmə, təyyarə-raket modelçiliyi, texniki ekologiya, memarlıq dərnəklərində uşaqların qabiliyyət və bacarıqlarını inkişaf etdirmək üçün məşğələlər keçirilir.
Universitetin “Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi ixtisası haqqında məktəblilərə məlumat verib. Bildirib ki, kafedranın nəzdində tikiş, toxuculuq, kulinariya, əl işləri muzeyi, metal və ağac emalı texnologiyaları kabinələri fəaliyyət göstərir.
Diqqətə çatdırılıb ki, Naxçıvan Dövlət Universitetində noyabrın 1-də tələbələrin əl işlərindən ibarət sərgi keçiriləcək.
Sonda qonaqlar mərkəzlə tanış olublar.