Gender bərabərliyi Avropa İttifaqının əsas dəyərlərindən biridir və bu dəyəri biz Azərbaycanla da paylaşırıq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko martın 1-də keçirilən “Qadın böyük qüvvədir” kampaniyasının açılışında söyləyib.
Peter Mixalko bildirib ki, insanlar öz seçimlərində, təşəbbüslərində qərarvermə prosesində sərbəst olmalıdırlar. Qadınlar, qızlar inkişafın və dəyişikliyin aparıcı qüvvələridir. Gender bərabərliyinin əldə olunması və qadınların fəaliyyətinin genişləndirilməsi sağlam, güclü, bərabər, inklüziv cəmiyyətin gücləndirilməsi üçün vacibdir.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə görə, proses hazırkı templə davam edəcəyi təqdirdə gender bərabərliyinin təmin edilməsi üçün 286 il lazım olduğunu vurğulayan səfir deyib: “Gəlin, bunun üçün 286 il gözləməyək, bu istiqamətdə hədəfimizə çatmaq üçün indi daha səylə çalışaq”.
“Azərbaycanla birgə qadınların təhsil və məşğulluq sahələrində fəal iştirakına dəstək veririk, layihələr həyata keçiririk. Biz bunun uğurlu nəticələrini görməkdən məmnunuq. Həyata keçirdiyimiz layihələrin qadın benefisiarları öz uğurlarını göstərmək üçün bizim kampaniyamıza qoşulacaqlar”, - deyə səfir Peter Mixalko qeyd edib.