Ümumdünya Vəhşi Təbiət Günü ərəfəsində BMT Planetin biomüxtəlifliyini qorumağa çağırıb

A- A A+

Hazırda vəhşi heyvanların və yabanı bitkilərin 1 milyona yaxın növünün nəsli kəsilmək təhlükəsi yaranıb. Biomüxtəliflik böhranı vəhşi təbiətin resurslarından fəal istifadə edən bəşəriyyət üçün real təhlükədir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, BMT bu məsələləri martın 3-də qeyd olunan Ümumdünya Vəhşi Təbiət Günü ərəfəsində xatırladır.

Vəhşi təbiət bir sıra materialların, enerji və qidanın mənbəyidir. Yabanı bitkilərdən dərmanlar hazırlanması üçün istifadə edilir. BMT-də vurğulayırlar ki, biomüxtəlifliyin qorunub saxlanması beynəlxalq birliyin ən aktual vəzifələrindən biridir.

BMT-nin Baş katibi Antonio Quterreş deyib: “Yaşamaq mühitinin dağılması, ətraf mühitin qazıntı şəklində yanacaq növləri ilə çirklənməsi və iqlim böhranının kəskinləşməsi səbəbindən 1 milyona yaxın vəhşi təbiət növünün nəsli kəsilmək təhlükəsi yaranıb. Biz təbiətlə bu müharibəyə son qoymalıyıq”.

2023-cü ildə Ümumdünya Vəhşi Təbiət Günü “Vəhşi təbiətin qorunub saxlanması naminə tərəfdaşlıq” mövzusuna həsr edilib. Məqsəd vəhşi təbiətin qorunmasına dair müxtəlif təşəbbüslərlə çıxış edən fəalların rolunu artırmaqdır.

Tərəfdaşlıq həm irimiqyaslı, həm də yerli səviyyədə kiçik təşəbbüslər ola bilər. Məsələn, məktəblərdə təbiətin qorunması qrupunun xeyrinə satış təşkil etmək, nəsli kəsilməkdə olan növlər haqqında məlumatın artırılması üçün internetdə bu növlərin fotoşəkillərinin yerləşdirilməsi aksiyası keçirmək olar.

Quterreş deyib: “Bu il Ümumdünya Vəhşi Təbiət Gününün “Vəhşi təbiətin qorunub saxlanması naminə tərəfdaşlıq” mövzusuna həsr edilməsi açıq-aydın göstərir ki, biz öhdəlikləri reallaşdırmaq üçün hökumətlər, vətəndaş cəmiyyəti və özəl sektor ilə iş aparmalıyıq”.

Nəsli kəsilmək təhlükəsi olan vəhşi fauna və flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiyanın qəbul edilməsindən 50 il keçir. Hökumətlər arasında bu beynəlxalq sazişin imzalanmasında məqsəd odur ki, vəhşi heyvan və bitkilərin alveri növlərin salamat qalmasına təhlükə yaratmasın. Bu gün həmin Konvensiya 37.000-dən çox heyvan və bitki növünün müxtəlif dərəcədə qorunmasını təmin edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: