Bu gün Ümumdünya Vəhşi Təbiət Günüdür

A- A A+

Bu gün Ümumdünya Vəhşi Təbiət Günüdür. 2013-cü il dekabrın 20-də BMT Baş Assambleyası qətnamə ilə geniş ictimaiyyəti vəhşi fauna və flora məsələlərində məlumatlandırmaq üçün 3 mart tarixini Ümumdünya Vəhşi Təbiət Günü elan etmək qərarına gəldi. Həmin hadisə BMT-nin tarixində ayrıca bir mərhələ oldu. Belə ki, həmin il təbii müxtəlifliyin qorunması sahəsində daha bir mühüm sənədin qəbul edilməsinin 40 illiyinə təsadüf edirdi. Bu, nəsli kəsilməkdə olan vəhşi fauna və flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiya (CITES) adlanırdı. Sənəd 1973-cü il martın 3-də qəbul edilmişdi. Bu il Konvensiyanın imzalanmasının 50 illiyi qeyd edilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ümumilikdə CITES tərəfindən təxminən 5,9 min heyvan və 32,8 min bitki növü qorunur. Onlar CITES-in üç əlavəsində verilib və məhv olmaq təhlükəsi dərəcəsinə görə qruplaşdırılıb.

Bu gün bütün dünyada vəhşi təbiət təhlükə altındadır. Növlərin dörddəbiri nəsli kəsilmək təhlükəsi ilə üzləşir, çünki planet sakinləri onların yaşadıqları ekosistemlərin demək olar ki, yarısını məhv edib. Nəsli kəsilməkdə olan növlər qrupuna kaktuslar, dəniz yosunları, zürafələr, tutuquşular və palıdlar daxildir. Hazırda bir milyon növ təhlükə altındadır. Bu tendensiyanın qarşısını almaq üçün təcili tədbirlər görülməlidir.

Ümumdünya Vəhşi Təbiət Günü vəhşi təbiətin müxtəlifliyini və gözəlliyini vurğulamaq imkanı verir. Bundan əlavə, bu gün bizə geniş iqtisadi, ekoloji və sosial nəticələri olan vəhşi təbiət cinayətlərinə qarşı mübarizənin gücləndirilməsinin zəruriliyini xatırladır.

Nəsli kəsilməkdə olan fauna və flora növlərinin sayının qorunub saxlanması, onların tamamilə yox olmasının digər növlər üçün mümkün nəticələri ilə bağlı narahatlıq bütün dünyada qayğıkeş elm, siyasət, iqtisadi sahə və sadə vətəndaşları vəhşi təbiəti xilas etmək üçün güclərini birləşdirməyə sövq edir. Getdikcə daha çox insan planetin həyatında təkcə insanın deyil, hər bir canlının, istər heyvanın, istərsə də bitkinin əhəmiyyəti haqqında düşünür. Axı, dünyada milyardlarla insan 50 min vəhşi flora və fauna növündən asılıdır. Dünyada hər beş nəfərdən biri gəlirini və qidasını vəhşi növlərdən əldə edir və 2,4 milyard insan yemək bişirmək üçün odun yanacağından asılıdır.

İnsanların təbiətin gözəlliyi, onun müxtəlifliyi və hər bir fərdi növün unikallığı haqqında məlumatlandırılması bu uyğunlaşma prosesinə kömək etməlidir. Şüurun və vəhşi təbiətə münasibətin dəyişməsi, təbii sərvətlərin sonsuzluğu ideyasından imtina gələcək nəsillərə vəhşi təbiətlə çox ahəngdar yaşamağın yolunu tapmağa imkan verəcək.

Qeyd edək ki, Ümumdünya Vəhşi Təbiət Gününün builki şüarı “Vəhşi təbiəti mühafizə üçün tərəfdaşlıq”dır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: