Tedros Gebreyesus: ÜST pandemiyanın səbəblərinin araşdırılmasını davam etdirir

A- A A+

ABŞ Energetika Nazirliyinin dərc etdiyi materialla əlaqədar COVID-19 törədicisinin mənşəyi məsələsi son günlərdə yenidən dünya ictimaiyyətinin diqqət mərkəzindədir. NUHÇIXAN İnformasiya Agentliyi BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, ÜST-nin baş direktoru Suriya və Türkiyəyə səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxış edib. O xatırladıb ki, ÜST pandemiyanın səbəblərinin araşdırılmasını davam etdirir və yeni informasiyanı öyrənməyə hazırdır.

Bu günlərdə ABŞ Energetika Nazirliyi bildirib ki, COVID-19 pandemiyasının Çində bir laboratoriyadan qərəzli şəkildə sızması nəticəsində başlanması ehtimal olunur. ÜST-nin baş direktoru Tedros Gebreyesus deyib: “Əvvəllər də dediyim kimi, əgər hər hansı ölkədə pandemiyanın mənşəyi barədə bir məlumat varsa, həmin ölkənin bu məlumatı ÜST-yə və beynəlxalq elmi cəmiyyətə bildirməsi çox vacibdir. Bu, kimisə ittiham etmək üçün deyil, pandemiyanın necə başlanmasını daha yaxşı anlamaq üçün lazımdır ki, gələcəkdə baş verə biləcək epidemiya və pandemiyalara hazır ola bilək”.

Doktor Gebreyesusun sözlərinə görə, ÜST Çini bir daha şəffaflığı artırmağa, habelə müstəqil təhqiqat aparmağa və alınan nəticələri bölüşməyə çağırır. Baş direktorun fikrincə, əks təqdirdə virusun mənşəyi barədə hər hansı versiyaları istisna etmək mümkün deyil. O bildirib ki, son günlərdə bu məsələ ilə əlaqədar Çinin yüksəkvəzifəli nümayəndələri ilə bir neçə dəfə söhbət edib. ÜST rəhbəri məsələni siyasiləşdirməməyə və “elmi prosesi geosiyasi futbola çevirməməyə” çağırıb.

ÜST nümayəndəsi Mariya Van Kerkhove bildirib ki, onun təmsil etdiyi qurum ABŞ-nin Cenevrədə, BMT yanındakı missiyasına müraciətlə ABŞ Energetika Nazirliyinin bu yaxınlarda dərc olunmuş məruzəsindəki informasiyanın, habelə Amerikanın digər idarələrinin məruzələrində göstərilən əlavə məlumatın ÜST-yə təqdim olunmasını xahiş edib. ÜST nümayəndəsi deyib: “Hazırda bu informasiya, eləcə də həmin hesabatların əsaslandığı məlumatlar bizim üçün əlçatan deyil”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: