Ulu öndər Heydər Əliyev hər zaman dilimizə xüsusi sevgi və qayğı ilə yanaşıb. Böyük öndər bütün tədbirlərində Azərbaycan dilində danışmaqdan çəkinmir, dilimizin sabahı naminə cəsarəti, şəxsi nümunəsi ilə milyonlarla insanların ürəyindən xəbər verir, doğma dilimizin ən ali mərtəbəyə layiq olduğunu bəyan edirdi.
70-ci illərin ikinci yarısında Azərbaycan SSR-in Konstitusiyası (Əsas Qanunu) hazırlanarkən, respublika rəhbəri Heydər Əliyev öz təşəbbüsü ilə yaradıcı ittifaqlara xəbər göndərdi və bildirdi ki, Konstitusiyaya Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili olması barədə xüsusi maddə salınmasını tələb etsinlər. Ulu öndərin gərgin səyi nəticəsində Konstitusiyada 73-cü maddə – “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” maddəsi təsdiq olundu. Dilimizi qorumaq naminə çəkilən zəhməti 1995-ci il oktyabrın 31-də Azərbaycan Elmlər Akademiyasında keçirilən ümumrespublika müzakirəsində böyük öndər Heydər Əliyev bir daha yada saldı.
Məhz aparılan gərgin, məqsədyönlü və sistemli mübarizənin nəticəsi olaraq ötən əsrin 70-ci illəri Azərbaycan dili və milli dilçilik elmimizlə bağlı itirilənlərin bərpası, səhvlərin, saxtakarlıqların düzəlişi dövrü oldu. 70-ci illər Bakı yenidən dünya türkologiya elminin mərkəzinə çevrildi. Böyük öndər Heydər Əliyev bunu yüksək qiymətləndirərək deyirdi: “Azərbaycanda türkologiya da çox inkişaf edibdir… Təsadüfi deyildir ki, Sovetlər İttifaqında buraxılan yeganə “Türkologiya” jurnalı Azərbaycanda nəşr edilirdi”.
Ulu öndər Heydər Əliyevin dil siyasəti möhkəm prinsiplər əsasında qurulub. Professor Nizami Xudiyev bu prinsipləri üç yerə ayırır:
“1. Bu siyasət, hər şeydən öncə, demokratiklik prinsipinə əsaslanır. Bu demokratiklik isə, birinci növbədə hər bir məsələnin həllində xalqın, o cümlədən geniş ziyalı kütləsinin rəyinin nəzərə alınması zəminində yaranması ilə əlamətdardır.
2. Heydər Əliyevin dil siyasətinin əsaslandığı prinsiplərdən biri də dəqiqlik, uzaqgörənlikdir. Bütün sahələrdə olduğu kimi, dil siyasətində də o, qlobal məqsədləri əsas götürür və hər hansı bir məsələnin həllində onun bütün cəhətlərini, keçmişini, bu gününü, gələcəyini nəzərə alaraq, həll olunmasına qərar verir. Hər bir məsələni hərtərəfli götür-qoy etmək, dərindən araşdırmaq, xeyir və zərərini dəqiq müəyyənləşdirmək Heydər Əliyevin dil siyasətinin mahiyyətini təşkil edir.
3. Heydər Əliyevin dil siyasətinin əsaslandırdığı prinsiplərdən biri də dillə bağlı bütün məsələlərə münasibətdə obyektivlikdir. Obyektivlik dil siyasətində məsələnin qıy-qışqırıqsız, hissiyyata qapılmadan, təmkinlə və ən vacibi, qanunların aliliyinə hörmətlə həll edilməsidir…”
Müstəqillik illərində də Azərbaycan dilinə, ədəbiyyatına, mədəniyyətinə böyük qayğı göstərən Heydər Əliyev türk dünyası yazıçılarının 1996-cı il noyabrın 6-da keçirilən III qurultayında: “Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik. Burada mən Azərbaycan yazıçılarının, dilçilərinin, ədəbiyyatşünaslarının xidmətlərini xüsusi qeyd edirəm. Çünki hər bir respublikada proseslər cürbəcür gedibdir”, – deyə bildirir. Məhz onun qayğısı ilə ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, hüquqları qorundu, cəmiyyətdəki mövqeləri tam bərpa edildi.
Özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları olan dilimiz cəmiyyətimizin bütün sahələrində işlədilir.
Bu gün inamla demək olar ki, ümummilli liderimiz Heydər Əliyevin dil siyasəti Azərbaycan dilinin inkişafına, işlənmə arealının genişlənməsinə göstərdiyi qayğı, onun siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən əzmlə dilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə çox böyük sevgi ilə davam etdirilir. Lakin Azərbaycan dilinin tarixi, bu günü, sabahı ilə bağlı dəyərli tədqiqatların aparılmasına daha böyük ehtiyac var. Dünyada gedən qloballaşma prosesləri müstəvisində Azərbaycan dilinin nüfuzunu, layiq olduğu yeri təmin etmək üçün dilimizin bütün incəliklərini nəzərə almaqla öyrənmək, öyrətmək, təbliğ və tədqiq etmək lazımdır. Dövlətimizin nüfuzu artdıqca, dilimizin rolu və mövqeyi də güclənir. Bu gün Azərbaycan dilini yalnız azərbaycanlılar deyil, dünyanın başqa xalqları da öyrənir. Təsadüfi deyildir ki, yaponlar, fransızlar, amerikalılar və digər xalqlar Azərbaycan dilinə maraq göstərir, bu dili öyrənməyə çalışırlar. Azərbaycan dili Amerika Birləşmiş Ştatlarının universitetlərində (Çikaqo, Los-Ancelos, Vaşinqton, San-Fransisko, Harvard, Nyu-York) tədris olunur.
Əzizə Əliyeva
NDU-nun Roman-German dilləri kafedrasının baş müəllimi