Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Dövlət Tarix Muzeyinin yaradılmasının 94-cü ildönümü münasibətilə Naxçıvan Dövlət Universitetinin hamiliyə verilmiş “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan tələbələri üçün açıq mühazirə keçirilib.
Muzeyin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət işçisi Nizami Rəhimov “Naxçıvan Dövlət Tarix Muzeyinin yaradılması və inkişafı tarixi” mövzusunda çıxış edib. Qeyd olunub ki, muzeydə muxtar respublika ərazisində aparılmış arxeoloji qazıntılar zamanı aşkara çıxarılmış maddi mədəniyyət, tətbiqi sənət nümunələri, qədim numizmatika materialları, həmçinin milli geyimlər, bədii tikmə nümunələri və xalça məmulatları, qiymətli metallardan hazırlanmış zinət, məişət əşyaları, rəssamlıq əsərləri və s. nümayiş etdirilir. Həmçinin muzeydə elmi-tədqiqat işləri aparılır, stasionar və səyyar sərgilərin təşkil olunduğu, görüşlər, anım mərasimləri, elmi-nəzəri və tecrübi konfranslar, dəyirmi masa və s. maarifləndirici tədbirlərin həyata keçirildiyi də diqqətə çatdırılıb.
Mövzu ətrafında fikir mübadiləsi aparıldıqdan sonra, tələbələrin sualları cavablandırılıb.
Sonda muzeyin yaradılması və inkişaf tarixinə həsr olunmuş sərgiyə baxış olub.