BMT-yə üzv ölkələr beynəlxalq sularda dəniz biomüxtəlifliyinin mühafizəsi barədə tarixi razılaşma əldə ediblər
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş milli yurisdiksiya hüdudlarından kənarda yerləşən ərazilərdə dəniz biomüxtəlifliyinin qorunub saxlanması və onlardan davamlı istifadəyə yönələn sənədin mətni üzərində işin başa çatması münasibətilə təşkilatın üzvü olan ölkələri təbrik edib. A.Quterreş bunu 20 il ərzində davam edən danışıqlarda irəliləyiş adlandırıb.
NUHÇIXAN İnformasiya Agentliyi BMT-nin saytına istinadla xəbər verir ki, təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında sazişin bağlanmasından bir neçə saat sonra mətbuat katibinin dərc etdiyi bəyanatda deyilir: “Bu, hərtərəfli yanaşmanın və həm indi, həm də gələcəkdə okeanın sağlamlığına təhlükə yaradan dağıdıcı meyillərə qarşı qlobal səylərin əsl qələbəsidir”.
Milli yurisdiksiya hüdudlarından kənarda yerləşən ərazilərdə dəniz biomüxtəlifliyi üzrə Hökumətlərarası konfransın nümayəndələri tərəfindən sazişin imzalanması 2004-cü ildə başlanan danışıqların pik nöqtəsi idi. Bu sənəd dünya okeanının üçdəiki hissəsini mühafizə olunan ərazilərə aid etməyə və dəniz mühitinin qorunub saxlanması üçün daha çox vəsait ayırmağa imkan verəcək.
Antonio Quterreş qeyd edib ki, saziş iqlim dəyişməsi, biomüxtəlifliyin itkiləri və ətraf mühitin çirkləndirilməsi kimi üçqat planetar böhranın həllinə kömək edəcək. Bu sənəd eləcə də 2030-cu ilədək olan dövrdə dayanıqlı inkişaf sahəsində Gündəliyin okeanla bağlı məqsəd və vəzifələrinə nail olmaq üçün vacibdir.
Baş katib sazişin mətninin razılaşdırılmasında iştirak edən bütün tərəflərə məqsədyönlülük, çeviklik və israrlılıqlarına görə təşəkkürünü bildirib.