Bütün dünyada qadın hüquqları sahəsində əldə olunmuş irəliləyiş gözümüzün qarşısında yox olmaqdadır. Son proqnozlara görə, hazırkı templə gender bərabərliyinə tam nail olmaq üçün daha 300 il lazım olacaq.
Ukraynadakı müharibədən tutmuş fövqəladə iqlim vəziyyətinə qədər bu gün bir-birinin üstünə gələn böhranlar, ilk növbədə, ən çox qadınlara və qızlara təsir edir. Demokratiyanın qlobal səviyyədə geriləməsi fonunda isə qadınların öz bədənlərinə dair hüquqları və şəxsi həyatları ilə bağlı müstəqilliyi şübhə altına alınır, inkar edilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antono Quterreşin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə yazdığı məqalədə yer alıb.
Onun sözlərinə görə, iki statistik məlumat uğursuzluğumuzu çox açıq şəkildə göstərir: Hər on dəqiqədə bir qadın və ya qızı ailə üzvü və ya sevgilisinin əlindən ölür. Hər iki dəqiqədə hamiləlik və ya doğuş zamanı bir qadın ölür. Bu ölümlərin əksəriyyətinin qarşısını almaq mümkündür.
Antonio Quterreş qeyd edib ki, Beynəlxalq Qadınlar Günündə daha çox səy göstərmək öhdəliyini üzərimizə götürməliyik. Bu dəhşətli tendensiyaları geri çevirməliyik, hər yerdə qadınların, qızların həyatlarını və hüquqlarını müdafiə etməliyik.
“Bu, mənim əsas prioritetlərimdən biridir və bütün dünyada BMT-nin fəaliyyətinin mərkəzi istiqamətlərindəndir.
Cənubi Sudandan Myanmaya qədər böhran vəziyyətində olan qadın və qızları dəstəkləyirik, sülh proseslərində onların səslərinin eşidilməsini təmin edirik”, - deyə Baş katib vurğulayıb.