Naxçıvanda könüllü ağacəkmə aksiyası keçiriləcək
Aksiya Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunacaq
Martın 11-də Naxçıvan Muxtar Respublikasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş könüllü ağacəkmə aksiyası keçiriləcək.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.
Könüllü aksiya zamanı ümumilikdə 40 min ting əkilməsi nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan qurumlar, muxtar respublikanın dövlət orqanları, eləcə də digər təşkilatların əməkdaşları və ictimaiyyət nümayəndələri aksiyaya qoşulacaqlar.
Əkiləcək müxtəlif növ tinglərin 18 min ədədi “Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxsi, 22 mini isə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tingçilik təsərrüfatları tərəfindən yetişdirilib.