Adın şərəflidir sənin, ey qadın...

A- A A+

"Qədim zamanlardan bəri Vətənə və torpağa sədaqəti ilə seçilən qadınlarımız milli məfkurəyə sadiq qalaraq bu gün də suveren Azərbaycan Respublikasının güclənməsi naminə töhfələr verirlər. Onlara xas olan işgüzarlıq, müdriklik, yüksək daxili mədəniyyət və xalqımızın yüzillər boyu təşəkkül tapmış zəngin milli-mənəvi sərvətlərinə sədaqət müasir Azərbaycan qadınının ictimai həyatımızda mövqeyini və simasını müəyyən edir".

                                                 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

“Dünyanı gözəllik xilas edəcək”. Bu sözləri ilk dəfə dahi alim, tanınmış psixoloq Varl Bodler söyləmişdir. Görəsən, o, bu ifadəni söyləyərkən hansı mənasını nəzərdə tutub? Hər halda xarici görünüşü nəzərdə tutmayıb. Əgər belə olsaydı, dünyamız çoxdan xilas olardı. Ən azından Azərbaycan xanımlarının gözəlliyi dünyanı xilas etməyə kifayət idi. Varl Bodler bu fikri ilə böyük ehtimalla daxili gözəlliyi nəzərdə tutmuşdur. O, bu ifadəni söyləyərkən qarşılıqlı anlayışı, dürüstlüyü, etibarı, ədaləti, xoş amalı, gözəl düşüncəni, səmimiyyəti, ən əsası sülhü nəzərdə tutmuşdur. Lakin bəşəriyyətin bugünkü vəziyyətinə baxdıqda Bodlerin nəzəriyyəsi özünü doğrultmur. Hazırkı müasir dövrümüzdə bəşər övladları arasında bu xüsusiyyətlərdən söhbət gedə bilməz.

“Dünyanı gözəllik xilas edəcək”- gözəllik təkcə xarici görkəm deyil, daxili saflıq, xoş niyyət və gözəl xarakter əvəzsiz gözəlliklərdəndir. Qadınlar yer üzünə bəxş olunmuş ən üstün varlıqlardır. 

Ümummilli lider Heydər Əliyev 8 Mart - Beynəlxalq Qadınlar bayramı ilə bağlı deyirdi: “Bu bayram, doğrudan da, bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar...”

Ümummilli lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmandan irəli gələn məsələlərin həlli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qadınlar ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar.

Qadın və gözəllik bayramı

8 mart – qadın və gözəllik bayramı kimi qeyd olunur. Lakin tarixə nəzər salsaq, görərik ki, bu bayram heç də xoş hadisələr nəticəsində yaranmayıb. 8 mart tarixinin Beynəlxalq Qadınlar Günü kimi qeyd olunması tarixi inqilabçı Klara Setkinin adı ilə bağlıdır. Klara 5 iyul 1857-ci ildə Almaniyada, Viderau - Saksoniya vilayətində anadan olub. Kənd müəllimi H. Eysnerin ailəsində dünyaya gəlib. 1910-cu il Kopenhagendə keçirilən beynəlxalq sosialist qadınlar konfransında Klara Setkin, 8 martın beynəlxalq qadınlar günü kimi qeyd olunması təklifi ilə çıxış etdi. Məhz bu tarixin seçilməsi təsadüfi olmayıb. Belə ki, 1857-ci ilin bu günü Nyu-Yorkda tikiş və ayaqqabı fabrikinin qadın işçiləri nümayişə çıxdılar. Onlar 10 saatlıq iş günü, işıqlı və quru iş yeri, kişilərlə eyni maaş tələb edirdilər. O zaman qadınlar sutka ərzində 16 saat işləyir, bunun müqabilində qəpik-quruş alırdılar. Kişilər qəti çıxışlardan sonra 10 saatlıq iş gününə nail oldular. ABŞ-ın bir çox müəssisələrində “həmkarlar İttifaqı” təşkilatı yarandı. 1857-ci il 8 mart tarixindən sonra ilk dəfə olaraq qadın üzvlərdən ibarət yeni “həmkarlar ittifaqı” təşkilatı yarandı. Həmin gün Nyu-Yorkun bir çox şəhərlərində yüzlərlə qadın nümayişə çıxaraq “seçki” hüququnu tələb edirdilər. 1911-ci il 19 mart tarixində bu bayram Avstriya, Danimarka, Almaniya və İsveçrədə qeyd olundu. O zaman milyondan artıq kişi və qadın nümayişlərdə iştirak etdilər.

"Seçmə və rəhbər vəzifələri tutma hüququ"ndan başqa qadınlar kişilərlə bərabər, eyni işləri icraetmə hüququnu da tələb edirdilər. 1910-cu ildə Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail oldu. 1977-ci ildə BMT 8 martı Beynəlxalq Qadınlar Günü kimi elan etdi və bununla da "mübarizə" sözü bayramın adından götürüldü, bayram sevgi, diqqət bayramı kimi tarixə düşdü.

Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart – Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart – Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür. Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.

Heç şübhəsiz, Azərbaycan qadınları ölkəmizin inkişafı, qlobal dünyada mədəni-mənəvi zənginliklərimizin yaşadılması, gənc nəslin milli məfkurə və dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyəsi üçün bundan sonra da fəallıq nümayiş etdirəcəklər.

          Bəzən olur həyatımın dağlarını duman alır,

            O gün sənin titrək laylan yollarıma işıq salır!

             Sənin məmnun olduğun gün, ruhum məndən

                                                          məmnun qalır,

            İnandım ki, cənnət sənin ayağının altındadır!

                                                               Əhməd Cavad     

Anaların bayramı elə hamımızın bayramıdır. Çünki analar başımızın tacı, ömrümüzün bəzəyidir. Həm də ona görə bizlərə əzizdirlər ki, biz həyatda qiymətli olan nə varsa onları anaya bənzədirik: “Ana təbiət”, “Ana torpaq”, “Ana vətən”. Bu mövzu ədəbiyyatımızda “Kitabi Dədə Qorqud”dan başlayaraq Nizaminin, Füzulinin, Xaqaninin və onlardan sonra gələn ədiblərimizin yaradıcılığında həmişə yaşayan bir mövzu olmuşdur. Böyük Əfzələddin Xəqani, Mirzə Ələkbər Sabir, Nigar Rəfibəyli öz əsərlərində analara belə qiymət vermişdilər.

    Əgər olmasaydı ana zəhməti,

             Qazana bilməzdim mən bu şöhrəti.

                                      Əfzələddin Xəqani

"Ana qəlbi möcüzələr xəzinəsidir”, "Ananın məsuliyyəti böyük, vəzifəsi müqəddəsdir”, "Analar böyük vəzifələrini yerinə yetirdikdə heç bir əvəz almaq fikrində olmurlar”... Ancaq bu ifadələrdən hər biri nə qədər gözəl səslənsə də, onlardan hər birinin məna yükü nə qədər dərin olsa da, ananın əzəmətini, ucalığını, həyatımızdakı rolunu bütün dolğunluğu ilə tam əks etdirmir. Ana əlçatmaz zirvədə dayanır. Biz “Ana Vətən” deyib ananı havasını udduğumuz, çörəyini yediyimiz, üstündə gəzdiyimiz Vətənə, "Ana dilim” deyib ruhumuzun ifadəsi, varlığımızın təsdiqi olan doğma dilimizə bərabər tuturuq. Bir də ana uca Tanrı ilə müqayisə olunur. “Ana haqqı – Tanrı haqqı” deyib müdriklər. Tanrı yeri-göyü yoxdan xəlq edib, bəşər övladı isə ana bətnində dünyaya göz açır.

Gəlin qadının, xüsusən də analarımızın qarşısında olan borcumuzu heç vaxt yaddan çıxarmayaq. Bunun üçün dünyada xüsusi bir gün qeyd olunur. Bu gün onları ən azından diqqətdən kənar qoymayaq. Onlara ən gözəl kəlmələri seçib söyləyək.

               

                            Abdulla Əsgərov

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının Ümumtəhsil şöbəsinin müdiri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: