Naxçıvanda “Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev” mövzusunda elmi-praktik konfrans keçirilir - YENİLƏNİB - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə sabah Naxçıvanda “Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev” mövzusunda elmi-praktik konfrans keçiriləcək.

Naxçıvanda səfərdə olan konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Sonra Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov, sədr müavini Şahmar Məmmədov, aparat rəhbəri Bayram Orucov, "Yüksəliş" müsabiqəsinin qalibi Ramil Abulov Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüblər.

Səfər çərçivəsində konfrans iştirakçıları Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasında vəkillərlə görüşüb, vəkillik işinin Naxçıvanda inkişaf etdirilməsi istiqamətində mövcud problemlər müzakirə olunub, gələcəkdə yeniliklərin olacağı diqqətə çatdırılıb.  

Anar Bağırov bildirib ki, ilk növbədə burada vəkillərin sayının artmasına ciddi ehtiyac var. Hazırda Naxçıvanda 16 vəkil fəaliyyət göstərir ki, bu da çox aşağı göstəricidir. Burada yeni vəkillik qurumları yaradılmalı, eyni zamanda fərdi vəkillərin fəaliyyəti üçün şərait olmalıdır. Vətəndaşların keyfiyyətli hüquqi yardıma əlçatanlığının təmin olunması üçün vəkillərin sayının kifayət qədər olması mühüm məsələlərdəndir. Vəkillik fəaliyyəti ilə məşğul olmaq istəyənlərə imtahanda iştirak üçün şəffaf mühit yaradılacaq.

Tədbirdə bildirilib ki, 5 il öncə  Azərbaycan Respublikasında 850 vəkil fəaliyyət göstərirdisə, bu gün bu say 2300-dür.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri sonra Naxçıvan Dövlət Universitetində professor-müəllim heyəti və tələbələrlə görüşüb, müzakirələr aparıblar.

Universitetin rektoru Elbrus İsayev Hüquq fakültəsi barədə məlumat verərək bildirib ki, fakültə 1996-cı ildən Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərir. Hazırda 154 əyani, 701 qiyabi, əlavə təhsildə 229 tələbə olmaqla, ümumilikdə 514 tələbə Hüquq fakültəsində təhsilini davam etdirir. 1996-cı ildən bu günə kimi 3126 tələbə fakültədən məzun olub. Sevindirici haldır ki, bu gün NDU-nun məzunları dövlət orqanlarında uğurla fəaliyyət göstərir. Universitetimizin Baş Prokurorluqla anlaşma memorandumu mövcuddur. Onlar da bizə bu istiqamətdə dəstək göstərir. Naxçıvan Dövlət Universitetində hüquq sahəsi üzrə həyata keçirilən təkmilləşdirmə proqramlarının çox böyük əhəmiyyəti var.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib: “Çox sevindirici haldır ki, Azərbaycanda belə müasir, inkişaf etmiş ali təhsil müəssisələri fəaliyyət göstərir. Biz istəyirik ki, NDU ilə münasibətləri daha da genişləndirək, memorandum imzalayaq”.

Çıxışdan sonra Vəkillər kollegiyasının fəaliyyəti ilə bağlı videoçarx təqdim olunub.

ELSA-nın Azərbaycan nümayəndəliyinin prezidenti Rəhim Abasov ELSA haqqında geniş məlumat verib və tələbələrin bu proqrama qoşula biləcəkləri barədə onları məlumatlandırıb. Həmçinin bir neçə müsabiqə barədə fəaliyyəti diqqətə çatdırıb. Rəhim Abasov ELSA Azərbaycana dəstək göstərildiyinə görə Universitetin rektoru Elbrus İsayevə təşəkkürnamə təqdim edib.

Sonra simulyativ məhkəmə prosesindən videoçarx təqdim olunub.

Təqdimatdan sonra tələbələrin sualları cavablandırılıb.

Sonra NDU ilə Azərbaycanın Vəkillər kollegiyası arasında əməkdaşlıq barədə memorandum imzalanıb.

Naxçıvan Dövlət Universitetin rektoru Elbrus İsayev və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov qarşılıqlı hədiyyələr təqdim ediblər.

Xatirə fotosu çəkdirilib.

Sonra ELSA Azərbaycan nümayəndəliyinin prezidenti Rəhim Abasovun sədrliyi ilə "Səhnələşdirilmiş Məhkəmə Müsabiqəsi-Naxçıvan" keçirilib. Tərəflərdən biri qalib olub və ELSA-nın bütün hüquq fakültələri arasında keçirdiyi milli məhkəmə müsabiqəsində iştiraka vəsiqə qazanıb.

“Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev” mövzusunda elmi-praktik konfrans sabah baş tutacaq.

Konfransdan sonra Vəkillər Kollegiyasının inzibati binasında pulsuz hüquqi yardım aksiyası keçiriləcək.

Geniş tərkibdə tədbirlərin keçirilməsinin əsas məqsədi Naxçıvan Muxtar Respublikasında vəkillik sahəsində islahatların aparılmasıdır.

Nicat Quliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: