Rabitə və Yeni Texnologiyalar Nazirliyində tədbir keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində “Heydər Əliyev və müasir rabitənin inkişaf strategiyası” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev muzeyində dahi şəxsiyyətin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlər və eksponatlarla tanış olublar.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində davam edən tədbirdə nazir Vüsal Sevdimaliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan rabitə sahəsinin gələcək inkişafı üçün dahi şəxsiyyətin respublikaya rəhbərlik etdiyi dövrlərdə bir sıra mühüm qərarlar qəbul edilib, ali və orta ixtisas təhsili müəssisələrində müvafiq ixtisaslar üzrə mütəxəssislərin hazırlanması üçün maddi-texniki baza yaradılıb, ölkə iqtisadiyyatının inkişafına qoyulan investisiyaların tərkibində telekommunikasiya sahəsinin həcmi ilbəil artıb. Müasir mərhələdə bu sahənin inkişafı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli bildirib ki, Azərbaycanın tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Xalqımız dahi şəxsiyyətin 100 illiyini dərin etiram və qürurla qeyd edir.
Xosrov İbrahimov